Tarix fakültəsində I kurs tələbələri ilə görüş keçirilib
2025-ci il sentyabrın 22-də Bakı Dövlət Universitetinin Tarix fakültəsində dekan və dekan müavinlərinin iştirakı ilə fakültədə fəaliyyət göstərən tələbə təşkilatları və klubların I kurs tələbələri ilə interaktiv görüşü keçirilib. Görüşü giriş sözü ilə açan Tarix fakültəsinin dekanı İbrahim Zeynalov fakültənin tarixi, elmi nailiyyətləri və universitetdəki rolu barədə ətraflı məlumat verib. O, tələbə adını qazanan birinci kurs tələbələrini təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb və görüşü rəsmi olaraq açıq elan edib. Tədbirdə Tarix fakültəsi üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilatı (TGT), BDU Könüllüləri təşkilatı (BK), eləcə də “İstiqlal” və “İdman” klublarının sədrləri çıxış ediblər. Sədrlər təmsil etdikləri təşkilat və klubların yaranma tarixi, əsas fəaliyyət istiqamətləri və gələcək planları haqqında məlumat veriblər. Həmçinin, tələbələrin ünvanladıqları suallar cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Aktiv iştirak edən tələbələr Tarix fakültəsi Tələbə Həmkarlar Təşkilatı tərəfindən mükafatlandırılb. Görüşün sonunda təşkilat və klub sədrləri yeni tələbələrə universitet həyatında fəallıq, uğurlar və təşəbbüskarlıq arzulayıb, iştirakçılarla xatirə fotosu çəkdiriblər.