Tarix fakültəsində elmi seminar: “Qafqazda müasir çağırışlar: süni intelekt, elm və innovasiya
-lg.jpg)
3 mart 2026-cı il saat 14-00 da Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının təşkilatçılığı ilə “Qafqazda müasir çağırışlar: süni intelekt, elm və innovasiya” mövzusunda elmi seminar keçirildi. Elmi seminarı kafedranın müdiri tarix elmlər doktoru, professor İradə Hüseynova açıq elan edərək qeyd etdi ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Cənubi Qafqaz regionu həm geosiyasi, həm də mədəni və iqtisadi baxımdan mühüm əhəmiyyətə malik. Sözügedən ərazi həm strateji kommunikasiya xətlərinin kəsişməsində yerləşməsi, həm də zəngin enerji resurslarına malik olması baxımından mühüm geosiyasi əhəmiyyət daşıyır. Bu kontekstdə İlham Əliyev tərəfindən irəli sürülən müasir çağırışlar Cənubi Qafqazda post-münaqişə mərhələsində davamlı sabitliyin təmin edilməsinə, regional əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinə və təhlükəsizlik arxitekturasının elmi-nəzəri əsaslar üzərində yenidən formalaşdırılmasına yönəlmiş strateji yanaşma kimi böyük aktuallıq daşıyır. Qafqazda süni intelekt sahəsində elmi və institusional problemlərin təhlili, prioritet istiqamətlərin müəyyən edilməsi, regional əməkdaşlıq mexanizmləri üzərində işlənilməli və gələcək perespektivlər qiymətləndirilməlidir.
Süni intellekt müasir dövrdə elmin, iqtisadiyyatın, sənayenin, səhiyyənin və dövlət idarəçiliyinin transformasiyasında mühüm rol oynayır. Bu sahədə dünyada qlobal güclər arasında gedən rəqabət genişmiqyaslı investisiyalar həyata keçirərək milli strategiyalar formalaşdırır. Müasir çağırışlar şəraitində Qafqaz regionun təhlükəsizliyi, inkişaf etməkdə olan innovasiya ekosistemi, süni intelektin həyatımıza tətbiqi və onun verəbiləcək nəticələri böyük əhəmiyyət kəsb edən məsələlərdəndir.
Professor İ.M.Hüseynova sözü AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, t. ü. f. d., dosent Bəxtiyar Həsənova verdi.
O, öz məruzəsində qeyd etdi ki, müasir dövrdə dünya sürətlə dəyişir və bu dəyişikliklərin mərkəzində rəqəmsal transformasiya, süni intellekt, elmi inkişaf və innovasiya dayanır. Qafqaz regionu da bu qlobal proseslərdən kənarda qalmır. Əksinə, region yeni texnologiyaların tətbiqi, innovativ iqtisadiyyatın qurulması və elmi potensialın gücləndirilməsi baxımından mühüm mərhələyə qədəm qoymuşdur.
Süni intellekt müasir elmi tədqiqatların metodologiyasına köklü şəkildə təsir göstərmişdir. Ənənəvi elmi yanaşmalarda tədqiqatçıların əl əməyinə əsaslanan məlumat təhlili prosesləri Sİ vasitəsilə avtomatlaşdırılmışdır. Bu isə həm tədqiqatların sürətini artırmış, həm də daha mürəkkəb problemlərin araşdırılmasına imkan yaratmışdır. Bəzi tədqiqatçılar və ekspertlər bu tendensiyanın mümkün mənfi təsirləri barədə də ictimaiyyətə xəbərdarlıq edir. Bu baxımdan Qafqazda əsas müasir çağırışlar regionun geosiyasi transformasiyası, post-münaqişələrin bərpası, iqtisadi inteqrasiya, ekoloji təhlükəsizlik, sülhün möhkəmləndirilməsi, regional əməkdaşlıq (siyasi, iqtisadi, hərbi və s) modelləri və rəqəmsal iqtisadiyyata keçid üçün birgə tədqiqatların aparılmasıdır.Region ölkələri, o cümlədən Azərbaycan, Gürcüstan və Ermənistan, süni intelek strategiyası, elmi potensialın artırılması istiqamətində yeni proqramlar həyata keçirirlər.
Bu sahədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfində bir neçə sərəncamlar “Azərbaycanın 2025–2028-ci illər üçün süni intellekt strategiyası” haqqında, “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında”, həmçinin “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılması haqqında” fərman da imzalanmışdır. Bu Şuranın sədri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, üzvlər Prezidentin köməkçiləri və bir çox nazirlər seçilmişdir.
Bütün bunlar Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumətə keçid, süni intelekt və innovasiya sahəsində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və bir mərkəzdən əlaqələndirilmiş şəkildə effektiv həyata keçirilməsi məqsədi daşıyır.
“Qafqazda müasir çağırışlar: süni intelekt, elm və innovasiya” mövzusunda keçirilən elmi seminar Tarix və Regionşünaslıq (Qafqaz üzrə) ixtisaslarında təhsil alan T1136, T1138, RQ110 və RQ112-ci qrup tələbələri tərəfindən diqqətlə dinlənilmiş, böyük marağa səbəb olmuş, geniş fikir mübadiləsi şəraitində keçirilmişdir.