Tarix fakültəsində birinci kursa qəbul olan tələbələr ilə görüş keçirilib.
01.10.2024-cü il tarixində BDU-nin Tarix fakültəsində birinci kursa qəbul olan tələbələr ilə görüş keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilib. Ardınca Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Bundan sonra Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov çıxışında BDU-nun tarixindən, Tarix fakültəsinin keçdiyi zaman yolundan danışmış, gənclərin gələcəyimiz üçün nə qədər önəmli olduğunu vurğulamışdır. Daha sonra Tarix fakültəsinin “Qədim dünya və orta əsrlər tarixi” kafedrasının müdiri akademik Yaqub Mahmudov çıxış etmişdir. Öz çıxışında Tarix fakültəsinin universitet ilə eyni yaşda olduğunu qeyd etmiş və Tarix fakültəsinində bu il 105 illik yubileyini qeyd etdiyini bildirmişdir. Əlavə olaraq Yaqub müəllim öz çıxışında universitetimizdə görülən işlərdən bəhs etmiş və gənclərə gələcək fəaliyyətlərində uğurlar diləmişdir. Ardınca Tarix fakültəsinin “Türk xalqları tarixi” kafedrasının müdiri professor Əsməd Muxtarova çıxışında gənclərə kafedra haqqında məlumat vermiş, gənclərə müxtəlif məsləhətlər vermiş və Tarix fakültəsinə qəbul olduqları üçün təbrik etmişdir. Sonra Tarix fakültəsinin 2-ci kurs tələbəsi Əsgər Mehdiyev universitetimizin məzunu olmuş dahi şəxsiyyət Heydər Əliyev haqqında çıxış etmiş, fakültəmizin şəhid olmuş məzunları haqqında ətraflı məlumat vermişdir. Ardınca isə fakültəmizdə fəaliyyət göstərən tələbə təşkilatları haqqında tələbələri məlumatlandırmış və tələbələrin öz vaxtlarını necə səmərəli istifadə edə biləcəklərindən bəhs etmişdir. Sonda isə BDU Tarix fakültəsinə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.