Tarix fakültəsində "31 mart soyqırımı ermənilərin "Böyük Ermənistan" yaratmaq siyasətinin mərhələsi idi" mövzusunda elmi seminar keçirildi
-lg.jpg)
31 mart 2026-cı il tarixində Bakı Dövlət Universiteti Tarix fakültəsi, Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının 31 mart soyqırımı"nın anım gününə həsr etdiyi, professor-müəllim, bakalavr, magistrant və doktorantlarının iştirak etdikləri tədbirdə "31 mart soyqırımı ermənilərin "Böyük Ermənistan" yaratmaq siyasətinin mərhələsi idi" mövzusunda elmi seminar keçirildi. Elmi Seminarı Milli Məclisin üzvü, Elm və təhsil komitəsinin sədri, Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov açdı. Sonra məruzə üçün sözü professor, Bakı Mühəndislik Universiteti “Ümumi fənlər” kafedrasının professoru, tarix elmləri doktoru, magistratura və doktorantura şöbəsinin müdiri Şikar Qasımova verdi.
Professor Şikar Qasımov 31 marta gedən yoldan, ermənilərin "Böyük ermənistan" xülyasından, bu xülyanı gerçəkləşdirmək üçün Türk-müsəlmanlara qarşı mərhələlərlə törətdikləri faciələrdən, qırğınlardan talanlardan və dağıntılardan danışdı. Xalqımıza qarşı törədilən soyqırımı siyasətinə dəstək verənləri və onların məqsədlərini açmağa çalışdı. Sonda bildirdi ki, tarix ibrət dərsidir, tarix bağışlamır. Tarix öyrədir, o unudulduqda xalqın başına 1905-1906, 1914-1918, 1920-1930-cu illərin represiyaları, 1948-1953-cü illərin deportasiyaları, 1990-cı ilin Qanlı yanvarı, Xocalı faciəsi və s. gətirilir.
Bütün bu olanlardan, Ulu öndər Heydər Əliyevin liderliyi və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında nəticə çıxarmağımızdan və rəhbər, xalq, ordu birliyi sayəsində torpaqlarımızı 44 günlük Vətən müharibəsində işğaldan azad etməyimizdən danışdı. Bununla da Mart soyqırımı qurbanlarının və ərazi bütövlüyümüzün təmin edilməsi yolunda Şəhid olanların hər birinin ruhlarının şad olduğunu bildirdi.
Professor Şikar Qasımov bildirdi ki, xalqımızın başına gətirilən faciələrin işıqlandırılmasına, "Böyük Ermənistan" mifinin mahiyyətinin açılmasına tələbələrin diqqəti və göstərdikləri maraqları məndə xoş təəssürat yaratdı.
Sonda professor Anar İsgəndərov belə tədbirlərin əhəmiyyətini və tələbələrin diqqətlə dinləmələrini xüsusilə qeyd etdi.