Tarix fakültəsində 28 may Cümhuriyyət gününə həsr edilmiş “103 il 44 gün” adlı vebinar keçirilmişdir
2021-ci il may ayının 28-də Bakı Dövlət Universitetinin Tarix fakültəsində Türk xalqları tarixi kafedrasının nəzdində fəaliyyət göstərən “Türk dünyası gənc tədqiqatçılar dərnəyi”nin üzvləri, “Tarix müəllimliyi” ixtisası üzrə III kurs (qr.TM019S) SABAH Qrupları tələbələrinin təşkilatçılığı və iştirakı ilə 28 may Cümhuriyyət gününə həsr edilmiş “103 il 44 gün” adlı vebinar keçirilmişdir.
Vebinarda Tarix fakültəsinin dekan vəzifəsini icra edən dosent Bəxtiyar Nəbiyev, Türk xalqları tarixi kafedrasının müdiri, professor Əsməd Muxtarova, Türk xalqları tarixi kafedrasının dosenti Sənubər İsmayılova, SABAH Qruplarının müəllimləri - Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri, dosent İqbal Ağayev, Türk xalqları tarixi kafedrasının dosenti Sevinc Ruintən, Slavyan ölkələri tarixi kafedrasının müəllimi Əsgər Zeynalabdinov, müəllimlərdən Səlimə Hacıyeva və Rəhilə Qəribova da iştirak etmişlər.
Vebinar Üzeyir Hacıbəylinin “Koroğlu uvertürası” ilə açılmış, ardından Azərbaycan himni səsləndirilmiş, daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla anılmışdır. Bundan sonra Cümhuriyyətə həsr edilmiş video nümayiş etdirilmiş, həmçinin “Xudayar təsnifi” səsləndirilmişdir. Ardınca tələbələrin təqdimatında Azərbaycan Cümhuriyyənin təhsil siyasətindən danışılmış, ixtisaslı kadrların hazırlanması məqsədilə təhsil almaq üçün xaricə göndərilmiş gənc tələbələrdən bəzilərinin həyat yolu haqda məlumat verilmiş, bu günün gənc tələbələrinin onların yolunun layiqli davamçıları olduqları bildirilmişdir. Tədbir Türk xalqları tarixi kafedrasının dosenti Sənubər İsmayılovanın “Azərbaycan qadını” şerini səsləndirməsi ilə yekunlaşmışdır.
Vebinara ümumilikdə 70 nəfərdən artıq iştirakçı qatılmışdı.