“Stalinin Qafqaz xalqlarına qarşı ruslaşdırılma kursu və onun Azərbaycanın siyasi, mədəni elitası üçün fəsadları” mövzusunda elmi seminar keçirilmişdir
-lg.jpg)
14 may 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının təşkilatçılığı ilə “Stalinin Qafqaz xalqlarına qarşı ruslaşdırılma kursu və onun Azərbaycanın siyasi, mədəni elitası üçün fəsadları” mövzusunda elmi seminar keçirilmişdir. Seminarı Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova açaraq bildirmişdir ki, XX əsrin 20-40-cı illərində həyata keçirilən sovet milli siyasəti Qafqaz xalqlarının tarixinə, dilinə və milli-mədəni dəyərlərinə təsir göstərmiş, xüsusilə Azərbaycan ziyalılarının, elm və mədəniyyət nümayəndələrinin repressiyalara məruz qalmasının ölkənin ictimai-siyasi inkişafında dərin izlər buraxdığını vurğulamışdır. Həmin məsələlərin obyektiv araşdırılmasının müasir dövr üçün əhəmiyyət daşıdığını qeyd etmişdir. O, seminarın əsas məqsədlərindən biri kimi Stalin dönəminin siyasi kursunun mahiyyətini açıqlamaq, o cümlədən bu siyasətin Qafqaz xalqlarının ictimai-siyasi, mədəni mühitinə təsirlərini göstərmək və tarixi hadisələri obyektiv, olduğu kimi gənc nəsillərə çatdırılmasını vurğulamışdır.
Sonra söz verildi UNEC Rus-İqtisad məktəbinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Eyyubova. O, öz nitqində qeyd etdi ki, bolşeviklər XX əsin 20-ci illərin əvvəllərində milli məsələni ön plana çəkərək bir çox xalqlara milli inkişaf imkanları yaratmışdılar. Türkdilli xalqlar, latın əlifbasının geniş tətbiqi ilə III dünya ölkələrinin və ilk növbədə Türkiyənin bolşevik ideyalarının təbliğ etməyə, inqilabı hərəkatı Asiya xalqları arasında yaymağa çalışırdılar. Bu hərəkatın flaqmanı rolunu Azərbaycan siyasi və mədəni elitası oynamışdır. Lakin Stalinin tək hakimiyyətlilik rejimi möhkəmləndikdən sonra ruslaşdırma siyasəti keçirilməyə başlayır, latın əlifbasının tərəfdarları panturanizm ittihamı ilə represiyalara məruz qalırlar. Nəticədə qısa müddət ərzində Azərbaycan xalqının əlifbası iki dəfə dəyişdirilmiş, Azərbaycan millətinin özünün dini və türk kökləri ilə bağlılığına güclü zərbə vurulmuşdur. Bütövlükdə Qafqaz xalqlarına qarşı aparılan ruslaşdırılma siyasəti region xalqlarının ənənələrinin, milli dəyərlərinin, mentalitetinin, milli düşüncənin transformasiyasına yönəlmiş bir siyasi kurs kimi qiymətləndirilməlidir.
Keçirilən elmi seminar tələbələr tərəfindən diqqətlə dinlənilmiş, böyük maraq doğurmuş, geniş fikir mübadiləsi aparılmışdır.