Qədim dünya və orta əsrlər tarixi kafedrasının dosenti “Türk dünyası Yunus Əmrə” beynəlxalq simpoziumda iştirak edib
24-27 may 2021-ci il tarixlərində Türkiyə Cümhuriyyətinin Pamukkale universitetinin təşkilatçılığı ilə Türk dünyasının tanınmış şairi və ozanı Yunus Əmrənin vəfatının 700 illiyinə həsr olunmuş “Türk dünyası Yunus Əmrə” beynəlxalq simpoziumu keçirilmişdir. Simpozium pandemiya şəraiti səbəbindən onlayn formatda təşkil olunmuşdur. Simpoziumda Türkiyə cümhuriyyəti ilə yanaşı Azərbaycan, Rusiya, Albaniya, Makedoniya, Özbəkistan və Qazaxıstanın müxtəlif elm və təhsil ocaqlarının alimləri məruzələrlə çıxış etmişdilər.
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının dosenti Elvira Lətifova həmin simpoziumda “Türk dünyasının tarixi birləşmə nöqtəsi olaraq qədim və orta çağ Qafqazı” mövzusunda xüsusi dəvətli məruzəçi qismində çıxış etmişdir. Dosent Elvira Lətifova öz məruzəsində tutarlı faktlarla, çoxsaylı ilk mənbə, vaxtilə topladığı çöl tədqiqat materialları və arxiv sənədləri əsasında türk tayfalarının qədim dövrdə və orta əsrlərdə Mərkəzi Asiyadan Qafqaza, oradan da Anadoluya olan kütləvi miqrasiyalarını izləmiş, Qafqaz bölgəsində türk tayfalarının buraxdığı yer adlarını təhlil etmişdir. Məruzə simpozium iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış, məruzəçi mövzu ilə bağlı verilən sualları ətraflı şəkildə cavablandırmışdır.