Professor Qüdrət İsmayılzadənin 90 illik yubileyinə həsr olunmuş “Qarabağ və Zəngəzurun mədəni irsi arxeoloji və etnoqrafik tədqiqatlarda” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib.
Beynəlxalq elmi konfrans: “Qarabağ və Zəngəzurun mədəni irsi arxeoloji tədqiqatlarda” 5 noyabr 2024-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli arxeoloq, tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadənin 90 illik yubileyinə həsr olunmuş “Qarabağ və Zəngəzurun mədəni irsi arxeoloji və etnoqrafik tədqiqatlarda” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda çıxış edən rektor Elçin Babayev BDU-nun elmi məktəbləri arasında arxeologiya məktəbinin özünəməxsus yer tutduğunu qeyd edib. Bu məktəbin ən yaxşı nümayəndələrindən biri də tanınmış arxeoloq alim Qüdrət İsmayılzadədir: “Ötən əsrin və dövrümüzün böyük arxeoloqlar nəslinin yetişməsində yaxından iştirak edən, tariximizin ən müxtəlif dövrlərinə işıq salan Qüdrət İsmayılzadənin tədqiqatları, araşdırmaları bu gün də təhlil edilir və öyrənilir. Onun Azərbaycanda antik dövrə aid ilk yaşayış məskəni olan “Qaraköpəktəpə yaşayış yeri”ndəki tədqiqatlara, həmçinin Qarabağda, Quruçay və Köndələnçay vadilərində arxeoloji abidələrin axtarış və qeydə alınması məqsədi ilə yaradılan ekspedisiyaya rəhbərlik etməsi həmin dövrün araşdırılması baxımından böyük töhfə idi. Qüdrət müəllim öz işinin ustası idi. Belə insanlarının işini davam etdirməliyik. Bu baxımdan hazırda bizim əsas qayəmiz böyük qələbəmizdən sonra azad edilmiş ərazilərdə aparılan arxeoloji tədqiqat və elmi araşdırma işlərində BDU tələbələrinin yaxından iştirak etməsidir. Çünki araşdırılmağa, öyrənilməyə və tanıdılmağa ehtiyacı olan abidələrimiz var”. Arxeoloq olmağın həkim dəqiqliyi tələb etdiyini deyən rektor bu cür tədbirlərin əsas məqsədinin görkəmli alimlərin həyat yoluna işıq salmaq, gənc nəslin qeyd edilən sahəyə marağını artırmaq olduğunu bildirib. Sonra Qüdrət İsmayılzadənin həyat yolu ilə bağlı videoçarx nümayiş etdirilib. AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev konfransın mövzusunun günümüzün reallıqları ilə səsləşdiyini, Qarabağ və Zəngəzurda 30 illik işğal dövründə silinməyə çalışılan tarixi izlərin öyrənildiyini qeyd edib: “Ölkəmizin arxeologiya elminə böyük töhfələr vermiş, əsas tədqiqat sahəsi Qarabağ olmuş Qüdrət İsmayılzadənin 90 illik yubileyində məhz bu mövzunun işlənməsi əlamətdar hal daşıyır. Qüdrət İsmayılzadə təkcə Azərbaycan deyil, dünya arxeoloqları tərəfindən də tanınan və istinad edilən böyük alim idi. Təsadüfi deyil ki, alman arxeoloqların dəvəti ilə Türkiyənin Çanaqqala şəhəri yaxınlığındakı antik Troya qazıntılarında iştirak etməsi Qüdrət müəllimin boyük tədqiqatçı olmasından xəbər verirdi. O, elmimizdə tanınmış Qafqazşünas alim kimi qalıb. Hazırda azad edilmiş ərazilərdə aparılan elmi tədqiqat işlərində yaxından iştirak edir, öyrəndiklərimizi tətbiq edirik”. Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov, MM-in üzvü, “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə böyük müəllim, elm adamı olan Qüdrət İsmayılzadənin tələbələr üçün əsl məktəb yaratdığını bildiriblər. Professorun elmi yaradıcılığına toxunaraq, əsərlərindən, tələbəlik illərindəki xatirələrindən söz açıblar. Daha sonra çıxış edən BDU-nun Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov, professor Hidayət Cəfərov, Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, professor Tarix Dostiyev və Qüdrət İsmayılzadənin qızı, Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Nigar İsmayılzadə Qüdrət İsmayılzadənin Azərbaycan elmində oynadığı roldan, müasir arxeoloji çağırışlardan danışıblar. Beynəlxalq konfrans plenar iclasında AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyevin “” mövzusunda məruzəsi dinlənilib və mövzu ətrafında maraqlı müzakirələr olub. Konfrans 6 noyabr tarixində 6 bölmə iclası ilə işini davam etdirmişdir. Kofransada Bakı Dövlət Universitetinin Tarix fakültəsinin, Şərqşünaslıq fakültəsinin, Qazax filialnın, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun, Tarix və Etnologiya İnstitutunun, Qafqazşünaslıq İnstitutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət İqtisaq Universitetinin, Milli Azərbaycan Tarixi Muzeyinin 60-dan çox əməkdaşının məruzəsi dinlənilib, maraqlı müzakirələr aparılıb. İştirakçılara sertifikatlar, konfransın proqramı və tezislər toplusu təqdim olunub. Topluda dünyada tanınmış arxeoloqlarının (David Stone (İrlandiya), Yoshihiro Nishiyaki (Yaponiya), Karolina Hruby, Mark İserlis (Almaniya), Ayrat Sitdikov (Rusiya)) tezisləri də öz əksini tapıb. Konfransın təşkil və tezislərin yoxlanılmasında BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının müəllim heyəti xüsusi rol oynamışdır. Materialların toplanıb çapa hazırlanmasında Tarix fakültəsinin Dünya azərbaycanlıları: tarixi demoqrafiya və Azərbaycanın maddi mədəniyyəti ETL-lərin əməkdaşları Ulduz Paşayeva və İlham Məmmədov yaxından iştirak etmişlər. Təqdirəlayiq haldır ki, konfransın gedişində, 5 noyabr 2024-cü il tarixində Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandumu BDU rektoru Elçin Babayev və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev imzalayıb. Memorandumda BDU və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun arxeologiya, antropologiya, tarix və mədəni irsin öyrənilməsi sahəsində birgə elmi tədqiqatlar aparması, təhsilalan və tədqiqatçılar üçün sahə işləri, laboratoriya təcrübələri və elmi araşdırmalarda iştirak imkanlarının yaradılması, tərəflərin resurslarından istifadə edərək tədris və təlim proqramlarının təkmilləşdirilməsi, müştərək təlimlərin təşkil olunması nəzərdə tutulur. Memorandumda BDU tələbələrinin arxeoloji qazıntı sahələrində praktika, İnstitutun mütəxəssislərinin isə universitetdə dərslər keçməsi, arxeologiya və antropologiyanın müasir problemlərinə həsr olunmuş ortaq seminar və konfransların təşkili, tərəflərin birgə beynəlxalq layihələrə və tədqiqat proqramlarına qoşulması, müvafiq xarici qurumlarla əlaqələrin genişləndirilməsi məsələləri də əks olunub.