Növbəti elmi seminar
5 aprel 2023-cü ildə Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının “Böyük Ermənistan ideyası və türk-müsəlman qırğınları“ mövzusunda elmi seminarı keçirilib.
İştirakçıları salamlayan Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova tədbir iştirakçılarına elmi seminarın mövzusunun aktuallığı və öyrənilməsinin əhəmiyyəti haqqında qısa məlumat verdi.
Elmi seminarda Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi İsa Quliyev “Böyük Ermənistan ideyası və türk-müsəlman qırğınları“ mövzusunda məruzə ilə çıxış etdi və bidirdi ki, Fevral inqilabından sonra yaranmış ictimai-siyasi vəziyyətdən ermənilər maksimum dərəcədə yararlanmağa başladılar. Onlar inqilabdan dərhal sonra Cənubi Qafqazın quberniya və qəzalarının inzibati sərhədlərinin dəyişdirilməsi istiqamətində işlər aparmışlar. Bu məsələdə bütün erməni milli qüvvələrinin fəallığı açıq-aydın görünür. 1917-ci ilin sentyabrında “Daşnaksutyun” partiyasının hazırladığı bölgüyə əsasən Cənubi Qafqaz ərazisi üç milli ərazi vahidinə: gürcü, erməni və müsəlman vilayətlərinə bölünməsi nəzərdə tutulmuşdu. Maraqlı burmasındadır ki, 1917-ci ilin oktyabrın əvvəllərində Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (bolşevik) Qafqaz Diyar Komitəsinin qurultayında Milli məsələ haqqında məruzə ilə çıxış edən bolşevik S.Şaumyanın Cənubi Qafqazın inzibati bölgüsü haqqındakı fikirləri ilə “Daşnaksutyun” partiyasının bölgüsündən o qədər də fərqlənmir. Bu bir daha onu göstərir ki, hansı siyasi qüvvəyə aid olmasından asılı olmayaraq ermənilər üçün ilk növbədə “Böyük Ermənistan” yaratmaq ideyası əsas olmuşdur. Bu ideyanın üç istiqamətdə həyata keçirməyə başlamışlar: Türkiyə Ermənistanı, Rusiya Ermənistanı, Persiya Ermənistanı.
“Böyük Ermənistan” xülyasını həyata keçirmək üçün bu regionda yaşayan türk-müsəlman əhaliyə qarşı soyqırımlar törətmişlər. Bu soyqırımlar istər Cənubi Qafqazda, istər Türkiyənin şərq vilayətlərində, istərsə də Cənubi Azərbaycan ərazisində erməni hərbi birləşmələri tərəfindən amansızlıqla həyata keçirilmişdir. Cənubi Qafqazda azərbaycanlılara qarşı törədilmiş soyqırım hadisələrinə ilk dəfə olaraq siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilmişdir. Belə ki, 1998-ci ildə mart ayının 26-da Azərbaycanlıların soyqırım haqqında Azərbaycan Prezidentinin fərmanı verilmişdir. Fərmanda deyilir: “Beynəlxalq hüquqa görə, soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn təcavüz, insanlıq əleyhinə, müharibə və beynəlxalq terrorizm kimi cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya ilə müəyyən olunub. Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir. İnsanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilib və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir”.
İki saata yaxın davam edən elmi seminar maraqlı müzakirələlə yadda qaldı.