Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında “Müasir dövrdə Tarix elminin aktual problemləri” mövzusunda ustad dərsi keçirilmişdir
-lg.jpg)
13 aprel 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrası təşkilatçılığı ilə Bakı Slavyan Universitetinin Elmi işlər və innovasiyalar üzrə prorektoru professor Əsgər Əhmədin ustad dərsi keçirilmişdir. Ustad dərsdə Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının müdiri Elmira Hüseynova, dekan müavini Aytən Abbasova-Quliyeva, kafedranın müəllim heyəti, Tarix ixtisasında təhsil alan tələbələr iştirak edirdilər.
Tədbiri kafedranın dosenti Baxışov Məmmədağa açıq elan etdi. Daha sonra professor Əsgər Əhməd öz çıxışında qeyd etdi ki, Müasir dövrdə tarix yalnız elmi sahə deyil, həm də ideoloji vasitə kimi istifadə olunur. Müxtəlif dövlətlər və siyasi qüvvələr tarixi hadisələri öz maraqları çərçivəsində şərh etməyə çalışırlar. Tarix elminin aktual problemlərindən biri bu hadisələrin tarixi əsaslarının düzgün və obyektiv şəkildə araşdırılmasıdır. Müxtəlif tərəflərin fərqli narrativlər təqdim etməsi tarixçilər qarşısında ciddi çağırışlar yaradır. Bu məsələdə həm arxiv materiallarının, həm də beynəlxalq mənbələrin kompleks şəkildə öyrənilməsi vacibdir. Müasir dövrdə tarix elmi yalnız keçmişi öyrənmək deyil, həm də informasiya mübarizəsinin mühüm sahəsinə çevrilmişdir. Azərbaycan tarixinin aktual problemlərinin həlli üçün obyektivlik, beynəlxalq əməkdaşlıq, arxivlərə çıxışın genişləndirilməsi və yeni metodların tətbiqi vacibdir. Tarixçilərin əsas vəzifəsi isə keçmişi olduğu kimi araşdırmaq və gələcək nəsillərə düzgün şəkildə çatdırmaqdır.
Professor Əsgər Əhmədin ustad dərsi yüksək səviyyədə təşkil olunmuş və uğurla keçirilmişdir. Dərs zamanı mövzu ətraflı və aydın şəkildə izah edilmiş, aktual məsələlərə xüsusi diqqət yetirilmişdir. Tələbələr tərəfindən ünvanlanan suallar diqqətlə dinlənilmiş və hər biri dolğun, əsaslandırılmış şəkildə cavablandırılmışdır. Ümumilikdə dərs interaktiv və məhsuldar mühitdə keçmişdir.