Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasında “1828–1870-ci illərdə Rusiya imperiyasının Qafqaz siyasətində “erməni məsələsi”: tarixi coğrafiya kontekstində” mövzusunda elmi seminar keçirilmişdir.
-lg.jpg)
13 aprel 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının 5508.01 "Tarixi coğrafiya" ixtisası üzrə əyani doktorantı Elbrus Bağışovun elmi seminarı keçirilmişdir. Seminar “1828–1870-ci illərdə Rusiya imperiyasının Qafqaz siyasətində “erməni məsələsi”: tarixi coğrafiya kontekstində” mövzusuna həsr olunmuşdur.
Məruzədə XIX əsrin mühüm ictimai-siyasi proseslərindən biri olan “erməni məsələsi” Rusiya imperiyasının Qafqaz siyasəti fonunda tarixi coğrafiya baxımından təhlil edilmiş, regionda baş verən inzibati-ərazi dəyişiklikləri, köçürmə siyasəti, etno-demoqrafik proseslər və onların tarixi nəticələri elmi əsaslarla izah olunmuşdur. Mövzunun təqdim edilməsində əsas məqsəd 1828-ci ildən sonra Qafqazda baş verən siyasi və demoqrafik dəyişikliklərin mahiyyətini açmaq, Rusiya imperiyasının regionda həyata keçirdiyi siyasətin tarixi-coğrafi məzmununu müəyyənləşdirmək və “erməni məsələsi”nin sonrakı mərhələlərdə formalaşmasına təsir edən əsas amilləri göstərmək olmuşdur. Məruzədə xüsusilə vurğulanmışdır ki, bu məsələ yalnız siyasi və ya etnik problem kimi deyil, eyni zamanda məkanın yenidən təşkili, sərhədlərin dəyişdirilməsi, yeni məskunlaşma areallarının yaradılması və regionun tarixi-coğrafi mənzərəsinin transformasiyası kontekstində öyrənilməlidir. Elmi yenilik kimi mövzu 1828–1870-ci illər çərçivəsində sistemli şəkildə araşdırılmış, “erməni məsələsi”nin yalnız diplomatik və siyasi aspektdə deyil, tarixi coğrafiya müstəvisində də dəyərləndirilməsinin zəruriliyi əsaslandırılmış, köçürmə siyasəti ilə inzibati dəyişikliklərin qarşılıqlı əlaqəsi mənbələr əsasında ümumiləşdirilmişdir. Eyni zamanda, Rusiya imperiyasının Qafqazda həyata keçirdiyi məskunlaşdırma siyasətinin regionun etno-demoqrafik strukturuna və sonrakı ictimai-siyasi proseslərə təsiri elmi şəkildə şərh edilmişdir.
Tədbir mövzunun aktuallığı, elmi yanaşma tərzi və təqdim olunan nəticələr baxımından iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Seminar zamanı mövzu ətrafında geniş müzakirələr aparılmış, iştirakçıların sualları cavablandırılmış və faydalı elmi fikir mübadiləsi həyata keçirilmişdir.