“Müsəlman Şərqinin ilk parlamentli respublikası tarixi tədqiqatlarda” mövzusunda II Respublika elmi konfransı keçirilib
27 may 2025-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümünə və 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müsəlman Şərqinin ilk parlamentli respublikası tarixi tədqiqatlarda” mövzusunda II Respublika elmi konfransı keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib. Sonra soyqırımı qurbanlarının və ölkəmizin azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tarix fakültəsinin dekanı İbrahim Zeynalov bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən çoxşaxəli islahatların bu məkanda gerçəkləşdirilməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə, yüksək milli qürura, yenilikçi düşüncə tərzinə malik olmasının parlaq təcəssümüdür. İbrahim Zeynalov konfransın əsas məqsədinin Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, eləcə də XX əsr soyqırımı həqiqətlərini bir daha yada salmaq, bu istiqamətdə araşdırma aparan alim və tədqiqatçıları bir araya gətirmək olduğunu deyib.
Daha sonra çıxış edən Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov Azərbaycan xalqının dövlətçilik tarixinin müxtəlif dövrləri və onların xarakterik xüsusiyyətləri haqqında məruzə edərək, bu zəngin tarixi yolda Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi yeri vardır. Natiq vurğulayıb ki, XX əsrin əvvəllərində müsəlman Şərqində bir çox Avropa dövlətləri üçün nümunə ola biləcək parlamentli respublikanın yaradılması böyük tarixi əhəmiyyət daşıyan hadisə idi. Olduqca mürəkkəb tarixi şəraitdə qurucu şəxsiyyətlərin böyük səyləri nəticəsində elan olunan Azərbaycan Xalq Cümhuriyyəti özünəməxsus tarixi yol keçmiş, 23 ay ərzində imkanlarının hüdudlarında milli-dövlət quruculuğu, elm, təhsil və digər sahələrdə böyük işlər görmüş və Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində süqut etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti də qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, onun gördüyü mühüm işlər Azərbaycan tarixində silinməz izlər qoyub.
Daha sonra Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev Azərbaycan Xalq Cümhuriyyətinin yadıgarı Bakı Dövlət Universitetinin yaranması tarixindən danışdı və bildirdi ki, müxtəlif dövrlərdə tarixin sınağından məğrur çıxan universitet 1919-cu ildə olduğu kimi, bugün də Azərbaycanda elm və təhsilin inkişafında flaqman rolunu qoruyub saxlamaqdadır.
Konfrans bölmə iclasları ilə işini davam etdirib.