Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti Nurlan Abbasovun təşkilatçılığı ilə "Azərbaycan tarixinə dair ərəbdilli və farsdilli mənbələr" mövzusunda açıq dərs keçirilmişdir
-lg.jpg)
Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti Nurlan Abbasovun təşkilatçılığı ilə "Azərbaycan tarixinə dair ərəbdilli və farsdilli mənbələr" mövzusunda açıq dərs keçirilmişdir. Bu mövzu ölkəmizin orta əsrlər tarixinin obyektiv şəkildə öyrənilməsində fundamental əhəmiyyət kəsb edir. Keçirilən açıq dərs, həm formatı, həm də əhatə etdiyi mövzunun aktuallığı ilə seçilmişdir. I kurs Tarix ixtisası T1144 qrupunda baş tutan dərsdə tələbələrin prezentasiya ilə fəal iştirakı xüsusi diqqət çəkdi. Tələbələr konkret mətn parçalarını orijinaldan və ya tərcümədən gətirərək müqayisəli təhlil apardılar. Tarixi faktların müasir metodikalarla izahı və xəritələr üzərində iş nümayiş etdirildi. Dərs zamanı orta əsr müəlliflərinin əsərləri vasitəsilə Azərbaycanın coğrafi hüdudları, siyasi strukturu və sosial-iqtisadi həyatı dərindən təhlil edildi.
Açıq dərsdə Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının digər əməkdaşları iştirak ediblər. Onlar dosent Nurlan Abbasovun rəhbərliyi ilə keçirilən bu dərsin metodik baxımdan yüksək səviyyədə hazırlandığını, tələbələrin ilk kursdan mənbələrlə işləmək vərdişlərinə yiyələnməsinin gələcək peşəkar kadr hazırlığı üçün mühüm olduğunu qeyd ediblər.