Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasında “Şəki hakimliyi (886-1117) regional dövlətlərarası münasibətlər kontekstində” mövzusunda ustad dərsi keçirilmişdir
-lg.jpg)
20 aprel 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dəvəti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Keyfiyyət təminatı və strateji planlama departamentinin müdiri, Sosial-siyasi elmlər kafedrasının dosenti, tarix elmləri doktoru Əliyev Şirinbəy Hacıəli oğlunun “Şəki hakimliyi (886-1117) regional dövlətlərarası münasibətlər kontekstində” adlı ustad dərsi keçirilmişdir. Tədbiri Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının t.ü.f.d Elşən Aslanov açıq elan edərək, sözü t.e.d., dosent Şirinbəy Əliyevə verdi.
t.e.d., dosent Şirinbəy Əliyev öz çıxışında qeyd etdi ki, Xilafətin süqutundan sonra Azərbaycanda yaranmış və ölkənin şimal-qərb torpaqlarını özündə birləşdirən Şəki hakimliyini (şahlığını) digər Azərbaycan feodal dövlətlərindən fərqləndirən başlıca xüsusiyyəti, hakimiyyətdə olan sülalənin və əhalinin böyük əksəriyyətinin qeyri-müsəlmanlardan, xristian-monofizitlərdən ibarət olmasında idi. Məhz bu amil islam-türk birliyinin dərin kök saldığı müsəlman dövlətlərin əhatəsində olan Şəki hakimliyinin Gürcüstanla siyasi-iqtisadi, dini-mənəvi yaxınlığına ciddi təsir göstərmişdir. Şəki hakimliyinin gürcü feodal dövlətləri ilə münasibətlərində ərazi mübahisələri, regional rəqabət, vaxtaşırı silahlı toqquşmalar, Alban monofizit kilsəsinin gürcü diofizit kilsəsinə qarşı dini-ideoloji mübarizəsi və s. ilə yanaşı, yadelli işğalçılara qarşı birgə mübarizə, müttəfiqlik, siyasi birləşmə, sülalələrarası nikah mühüm yer tutur. Dövlətlərarası əlaqələrin sadalanan istiqamətləri sırasında Şəki hakimliyi ilə Kaxeti knyazlığı arasında müttəfiqlik və siyasi birləşmə xüsusi mərhələni təşkil edir. Yadelli işğalçılara qarşı səylərin birləşdirilməsindən qaynaqlanan və XI əsrin əvvəllərində yaranmış bu siyasi birlik qeyd olunan feodal dövlətlərinin sonrakı inkişafına əsaslı təsir göstərmişdi. Qədim Albaniyanın dövlətçilik ənənələrini özündə qoruyub saxlayan Şəki hakimliyi (886–1117) ikiyüz otuz ilədək mövcud olmuşdur. Şərqdə Qəbələyədək, qərbdə Telavi şəhərləri daxil olmaqla Kürdən şimala əraziləri əhatə etmiş Şəki hakimliyi ilə Kaxeti xorepiskopluğunun 1014-cü ildə birləşməsi nəticəsində Birləşmiş dövlətin ərazisi qərbdə Araqvi çayına çatmışdı. XI əsrin sonu–XII əsrin əvvəllərində regionda islam-türk/oğuz hərbi siyasi amilinin müvəqqəti olaraq zəifləməsi, əksinə qıpçaq-türk amilinin güclənməsi fonunda gürcü hakimlərinin Şərqə doğru işğalçı yürüşləri nəticəsində Şəki hakimliyi süqut etmişdi.
Ustad dərsi yüksək səviyyədə təşkil olunmuş, mövzu ilə bağlı slayd nümayiş olunmuşdur. Dərs zamanı tələbələr t.e.d., dosent Şirinbəy Əliyevi diqqətlə dinləmiş, onlar üçün maraqlı olan suallara cavab tapmışlar.