Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında “İkinci Dünya müharibəsinin nəticələri” mövzusunda ustad dərsi keçirilmişdir.
-lg.jpg)
21 aprel 2026-cı il tarixində Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının saathesabı müəllimi t.ü.f.d. Hüseynli Raminə Məmməd qızının “İkinci Dünya müharibəsinin nəticələri” mövzusunda ustad dərsi keçirildi.
Ustad dərsdə müharibənin qlobal siyasi sistemə, iqtisadi strukturlara və beynəlxalq münasibətlərə təsiri kompleks şəkildə təhlil olunub. Çıxışda vurğulanıb ki, İkinci dünya müharibəsi bəşəriyyət tarixində ən böyük demoqrafik və humanitar fəlakətlərdən biri olmuş, on milyonlarla insanın həlak olması ilə nəticələnmişdir. Müharibə nəticəsində Avropa və Asiyanın sənaye mərkəzləri, nəqliyyat infrastrukturu və şəhər sistemləri ciddi dağıntılara məruz qalmış, bu isə uzunmüddətli sosial-iqtisadi böhranlara səbəb olmuşdur. Siyasi aspektdə qeyd olunub ki, faşist blokunun məğlubiyyəti ilə totalitar rejimlərin zəifləməsi baş vermiş, Almaniyanın bölünməsi isə Avropada geosiyasi parçalanmanı dərinləşdirmişdir. Eyni zamanda, ABŞ və SSRİ-nin supergüc kimi formalaşması beynəlxalq sistemin bipolyar modelə keçidini şərtləndirmiş və bu proses sonradan “Soyuq müharibə” kimi xarakterizə olunan ideoloji-siyasi qarşıdurmanı doğurmuşdur. Beynəlxalq münasibətlər kontekstində 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının yaradılması xüsusi vurğulanmış, bu qurumun kollektiv təhlükəsizlik prinsiplərinə əsaslanan yeni beynəlxalq hüquq sisteminin formalaşmasında mühüm rol oynadığı qeyd edilmişdir. Təqdimatda həmçinin beynəlxalq hüququn inkişafı, insan hüquqlarının qorunması ideyasının güclənməsi və müharibə cinayətlərinə hüquqi qiymət verilməsi məsələlərinə toxunulmuşdur. İqtisadi baxımdan müharibədən sonrakı dövrdə Avropanın bərpası üçün həyata keçirilən “Marşall planı”nın əhəmiyyəti təhlil edilmiş, bu proqramın Qərbi Avropada iqtisadi sabitliyin bərpasına, sənayeləşmənin sürətlənməsinə və inteqrasiya proseslərinin güclənməsinə təkan verdiyi vurğulanmışdır. Bununla yanaşı, Şərqi Avropada sosialist iqtisadi modelin formalaşması və planlı təsərrüfat sisteminin tətbiqi qeyd olunmuşdur.
Sonda tədbir iştirakçıları tərəfindən mövzu ətrafında elmi müzakirələr aparılmış, suallar cavablandırılmış və təqdimat yüksək qiymətləndirilmişdir.