“Dünya azərbaycanlıları: tarixi-demoqrafiya” ETL-ində “Qafqaz təqvimi”nə əsasən XIX əsr - XX əsrin əvvəllərində Zəngəzur qəzasında yaşayan əhalinin demoqrafik vəziyyəti” mövzusunda elmi seminar keçirilmişdir
-lg.jpg)
20 aprel 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının nəzdində fəaliyyət göstərən “Dünya azərbaycanlıları: tarixi demoqrafiya” elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Şəfayət Fərəcovun “Qafqaz təqvimi”nə əsasən XIX əsr - XX əsrin əvvəllərində Zəngəzur qəzasında yaşayan əhalinin demoqrafik vəziyyəti” mövzusunda elmi seminarı keçirilmişdir. Məruzədə “Qafqaz təqvimi” materialları əsasında Zəngəzur qəzasında yaşayan əhalinin demoqrafik göstəriciləri ətraflı təhlil edilmiş, mövzunun aktuallığı və tarixşünaslıqdakı yeri geniş izah olunmuşdur.
Məruzəçi qeyd etmişdir ki, son dövrdə Zəngəzur dəhlizinin dünya miqyasında artan siyasi-iqtisadi önəmi bu ərazinin tarixinin dərindən öyrənilməsini daha da aktuallaşdırmışdır. Bölgədə yaşamış azərbaycanlıların demoqrafik tarixinin müxtəlif mötəbər mənbələr əsasında araşdırılması Zəngəzurun tarixi Azərbaycan sərhədləri daxilində yerləşməsinin elmi sübutu baxımından mühüm əhəmiyyət kəsb edir. Yekunda vurğulanmışdır ki, Zəngəzur tarixinin tam tədqiqi üçün “Qafqaz təqvimi” ilə yanaşı, digər statistik mənbələr və arxiv sənədləri, tədqiqatlar sistemli şəkildə tədqiqata cəlb edilməlidir.
Seminarda iştirak edən Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri dosent Mehman Abdullayev, laboratoriya müdiri dosent Səidə Quliyeva, Azərbaycan tarixi (humanitar fənlər üzrə) kafedrasının müəllimi t.f.d. Asəf Hacıyev və Əlavə təhsil üzrə tarix ixtisasının tələbələri mövzu ilə bağlı fikirlərini bildirmiş, məruzəçiyə müvafiq suallar ünvanlamışlar. Müzakirələr zamanı tarixi-demoqrafik tədqiqatların əhəmiyyəti, Rusiya imperiyası dövrünə aid mənbələrin xüsusiyyətləri və ermənilərin əsassız ərazi iddialarına qarşı elmi faktların rolu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.