İSTİQLAL KLUBUNUN TƏŞKİLATÇILIĞI İLƏ "DİLİM–MƏNİM BÜTÖV AZƏRBAYCANIM" ADLI TƏDBİR KEÇİRİLİB.
Türk Ağsaqqalları İctimai Birliyi- TAİB-in mərkəzi ofisində 21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə TAİB və BDU Tarix fakültəsinin nəzdində fəaliyyət göstərən İstiqlal klubunun təşkilatçılığı ilə "Dilim–mənim bütöv Azərbaycanım" adlı tədbir keçirilib. Tədbirdə Tarix fakültəsində fəaliyyət göstərən tələbə təşkilatlarının üzvləri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri TAİB-in sədri, akademik Südeif İmamverdiyev açaraq ana dilimizin qorunub saxlanılmasında, inkişaf etdirilərək bugünkü səviyyəyə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi işlərdən söhbət açıb. Ana dilimizin qorunması istiqamətində hamılıqla çalışmağın önəmini vurğulayan TAİB sədri Ümummilli Liderin ana dilimizin qorunması ilə bağlı siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini də diqqətə çatdırıb. Tədbirdə çıxış edən TAİB Qadınlar Şurasının sədri, AMEA-nın şöbə müdiri, türkoloq Güllü Yoloğlu qeyd edib ki, Azərbaycan dövləti ana dilimizin qorunması, inkişaf etdirilməsi, öyrənilməsi sahəsində mühüm addımlar atır. Ötən illər ərzində ölkə rəhbərliyi tərəfindən Azərbaycan dili ilə bağlı qəbul olunmuş Dövlət Proqramı, Fərman və Sərəncamlar dediklərimizin sübutudur. BDU-nun Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının laborantı Anar Cəfərov bildirib ki, Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Çıxışlarda ana dilimizin qədimliyindən bəhs edilərək, sadəliyinin, saflığının qorunmasının və inkişaf etdirilməsinin,eləcə də yad təsirlərdən qorunmasının vacibliyindən də söhbət açılıb. Daha sonra çıxış üçün söz BDU Tarix fakültəsinin tələbəsi və TAİB Gənclər təşkilatının üzvü Gülarə Mehdizadəyə verilib. O öz nitqində bildirib ki, bizim dilimiz olduqca qədim tarixi köklərə malikdir və çox zülmlərdən keçərək bu zamana qədər gəlib çatıb, növbəti olaraq isə "Dilim-mənim bütöv Azərbaycanım" şeirini səsləndirib. Sonda TAİB Gənclər Təşkilatının digər üzvləri və BDU-nun tələbələri ana dili ilə bağlı şeirlər, nitqlər söyləyib və mahnılar səsləndiriblər.