İSTİQLAL KLUBU VƏ BDU YENİ KLUBUN TƏŞKİLATÇILIĞI İLƏ XOCALI FACİƏSİNİN 33-CÜ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ "XOCALIDA NALƏM QALIB" ADLI TƏDBİR KEÇİRİLİB.
Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilib. Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Daha sonra söz BDU Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müəllimi tarixçi-alim Boran Əzizə verilib. Boran müəllim öz çıxışında Xocalı faciəsinin törədilmə səbəblərindən, həmin tarixi zamanda bölgədəki siyasi vəziyyətdən bəhs edib. O bildirib ki, torpağı Vətən edən orda axıdılan qandır. Növbəti olaraq çıxış üçün söz BDU Tarix fakültəsinin lll kurs tələbəsi, valideynləri Xocalı faciəsinin şahidləri olan Aysel Quliyevaya verilib. O da öz nitqində Vətən həsrətinin necə acı olduğunu və bu gün o həsrətə son qoyulduğunu vurğulayıb. Ardınca BDU Tarix fakültəsinin lll kurs tələbəsi Röya Mehdizadə "Xocalım" şeirini səsləndirib və BDU Tarix fakültəsinin ll kurs tələbəsi Kamallı Lamiyə tərəfindən "Ana harayı" səhnəsi ifa olunub. Daha sonra BDU Könüllülər təşkilatının Lin-Orph klubunun dəstəyi ilə BDU tələbəsi Ülvi Şirinov "Ana mən Şəhid oldum" mahnısını ifa edib. Son olaraq isə "Xocalı nişanəsi" adlı videoçarx nümayiş etdirilib və bununla da tədbirə yekun vurulub. Sonda xatirə şəkli çəkdirilib.