İşğaldan azad olunmuş ərazilərimizin bərpasında “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının tətbiqi böyük əhəmiyyət kəsb edir
Torpaqlarımızın düşmən tapdağından azad edilməsi, həmin ərazilərimizdə bərpa və quruculuq işlərinin aparılması Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi qətiyyətinin, şanlı Ordumuzun gücünün nəticəsidir.
Artıq işğaldan azad edilmiş ərazilərimizin ən müasir texnologiyaların tətbiqi ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında sürətlə bərpa prosesi gedir. Bu mühüm tədbirin reallaşdırılması üçün məqsədyönlü fəaliyyət strategiyası hazırlanıb və həmin strategiya uğurla həyata keçirilir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Kəmalə Nəcəfova deyib. Alim bildirib ki, ölkəmizdə “ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılması və pilot layihə həyata keçirilməsi imkanlarının müəyyən edilməsi Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb. Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunda iştirak edərkən görüşdüyü böyük texnoloji şirkətlərin rəhbərləri ilə söhbətləri zamanı bu sahədə dünyada gedən müsbət yeniliklərin Azərbaycana cəlb edilməsi üçün fikir mübadiləsi aparıb, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının respublikamızda tətbiqi mexanizminin işlənməsi və həyata keçirilməsi üçün müvafiq imkanların olması qənaətinə gəlib.
Bu layihələrin uğurla reallaşdırılması üçün 2021-ci il yanvar ayının 6-da dövlət başçısı “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb və ölkəmizdə həmin texnologiyaların tətbiqi üçün hüquqi zəmin yaradılıb.
2021-ci il aprelin 19-da Azərbaycan Prezidenti “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” Sərəncam imzalayıb. Burada əsas məqsəd ucqar ərazilərində davamlı inkişafın təmin edilməsidir.
“Ağıllı şəhər”ləri yaratmaqda əsas məqsəd odur ki, müxtəlif texnologiyaları şəhər infrastrukturuna tətbiq etməklə insanların həyat şəraiti yüksəldilsin, həmçinin şəhərin idarəedilməsinin effektivliyi artırılsın. Müxtəlif ağıllı cihazlardan, sensorlardan istifadə etməklə şəhər xidmətlərinin keyfiyyətini, məhsuldarlığını, interaktivliyini artırmaq olur.
“Ağıllı şəhər”lərin qurulmasında 3D modelləşdirməsinin tətbiqi dizaynerlərə, memarlara və mütəxəssislərə qısa zaman çərçivəsində xüsusi 3D əsaslı proqramlar vasitəsilə “ağıllı şəhər”in 3D virtual modelini yaratmağa, ərazinin, eləcə də hər bir binanın layihələndirilməsində yarana biləcək səhvlərin qarşısını almağa imkan verir. “Ağıllı şəhər”i 3D əsasında modelləşdirərkən şəhərlərdə əhali artdıqca, ərazinin səmərəli istifadə olunması, torpaq və əhali, mənzil sıxlığı, bina hündürlüyü, mərtəbə sahəsinin nisbəti, bərpa olunan enerji məsələlərinə də xüsusi diqqət yetirilir. Gələcəyin davamlı şəhəri günəş enerjisi qurğuları, mikro şəbəkələr və digər təmiz enerji mənbələrindən istifadə edən unikal şəhər modelidir.
İşğaldan azad edilmiş ərazilərimizdə yaradılacaq “ağıllı şəhər”lərin və “ağıllı kənd”lərin infrastrukturunun idarə edilməsi, təhlükəsizliyi ilə bağlı məlumatların toplanması, təhlili, istifadəsi və vizuallaşdırılmasında dron texnologiyalarından geniş istifadə edilməsi xüsusilə məqsədəuyğundur.
Aprelin 27–də Prezident İlham Əliyev artıq Zəngilanın 1-ci Ağalı, 2-ci Ağalı, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoyub. “Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuş “Ağıllı kənd” layihəsinin təməl daşında Müzəffər Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” kəlamı yazılıb. Layihənin icrası, əsasən, yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələrini əhatə edən 5 komponent üzrə aparılacaq. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.
İşğaldan azad olunmuş ərazilərimizdə bərpa olunan ilk şəhər isə Ağdam şəhəri olacaq. Şəhərin baş planı təsdiq olunub, quruculuq işlərinə start verilib. 2021-ci il mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib.
İşğaldan azad olunmuş ərazilərimizin bərpasında məhz “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının tətbiqinin olduqca böyük əhəmiyyəti var. Bununla, Azərbaycan dövləti bütün dünyaya həyata keçirdiyi siyasətin həm də humanist, sülhsevər, qurucu və yüksək mədəni-əxlaqi mahiyyətini nümayiş etdirir. 30 il ərzində qəsbkar ermənilər tərəfindən vəhşicəsinə talan edilmiş torpaqlarımızın ən yüksək texnologiyaların tətbiqi ilə bərpası vəhşilik üzərində mədəniyyətin, dağıdıcılıq üzərində quruculuğun, barbarlıq üzərində humanizmin qələbəsi, yəni təcavüzkar Ermənistan üzərində sülhsevər Azərbaycanın qələbəsi deməkdir.
https://azertag.az/xeber/Isgaldan_azad_olunmus_erazilerimizin_berpasi