“İkinci Dünya müharibəsi illərində Bakı şəhərinin müdafiəsi”
19 oktyabr 2023-cü ildə Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının “İkinci Dünya müharibəsi illərində Bakı şəhərinin müdafiəsi” mövzusunda elmi seminarı keçirilmişdir. Seminar mövzusunun elmi maraq kəsb etməsi fakültənin əməkdaşları ilə yanaşı tələbə və magistrlərin də iştirakına zəmin yaratmışdı. Seminarda giriş sözü ilə çıxış edən fakültənin elmi işlər üzrə dekan müavini dosent Kəmalə Nəcəfova qeyd etdi ki, İkinci dünya müharibəsində faşizmə qarşı mübarizədə xalqımızın və respublikamızın iştirakı, hərbi dövrün şərtləri daxilində ölkəmizin paytaxtı, neft sənayesi mərkəzi olan Bakının müdafiəsinin təmin edilməsi sahəsində həyata keçirilmiş tədbirlərin öyrənilməsi Azərbaycanın XX əsr tarixinin mühüm elmi maraq kəsb edən mövzularından biridir.
Kafedranın müdiri dosent Elmira Hüseynova çıxışında qeyd etdi ki, XX əsrdə baş vermiş dünya müharibələrində neft amilinin mühüm hərbi-siyasi və strateji əhəmiyyət kəsb etməsi səbəbindən Bakı vuruşan dövlətlərin maraq dairəsində olmuşdur. İkinci Dünya müharibəsi dövründə SSRİ-nin və onun müttəfiqlərinin qalib gəlmələrində neft amilinin mühüm rol oynaması nəzərə alındıqda onun əsas hasilatçılarından biri olan Bakı şəhərinin müdafiəsinin antihitlerçi koalisiya üçün böyük əhəmiyyət kəsb etdiyini görə bilərik.
Məruzə ilə çıxış edən kafedranın dosenti Rövşən Hətəmov seminar iştirakçılarının diqqətinə kifayət qədər böyük elmi maraq kəsb edən mülahizələrini çatdırdı. O, çıxışında Bakı şəhərinin müharibədə vuruşan dövlətlər üçün əhəmiyyətini, neft amili ilə yanaşı şəhərin mühüm strateji bölgədə yerləşməsini, şəhərin bir neçə dəfə düşmən qüvvələrin bombardmanı təhlükəsi ilə üzləşməsi, alman qoşunlarının Bakı nefti uğrunda həyata keçirdikləri hərbi əməliyyatların uğrusuzluqlarının səbəbləri və digər məsələlər barəsində fikirlərini iştirakçılar ilə bölüşdü. Bakı müharibə dövründə nəqliyyat yollarının kəsişdiyi mühüm məntəqəyə çevrilmişdi. Bakı limanı vasitəsi ilə yalnız neft daşınmırdı. Bakının sənaye müəssisələrində istehsal olunan hərbi və digər təyinatlı məhsullar, respublikanın kənd təsərrüfatının tədarük etdiyi xammal və ərzaq məhsulları əsasən Bakı limanı vasitəsi ilə ölkənin əsas mərkəzlərinə və cəbhəyə daşınırdı. Bakı limanı vasitəsi ilə cəbhəyanı bölgələrdən təxliyə olunmuş əhali və sənaye müəssislərinin avadanlıqları, qoşun birlikləri, hərbi texnika və silah-sursat Xəzər dənizinin digər limanlarına daşınırdı. Bakı limanı həm də müttəfiq dövlətlərdən SSRİ-yə göndərilən yardımın bir hissəsini qəbul edərək müəyyən edilmiş ünvanlara çatdırırdı.
R.Hətəmov qeyd etdi ki, sovet rəhbərliyi Bakının havadan hücuma qarşı müdafiəsi sahəsində böyük işlər həyata keçirsə də alman hərbi kəşfiyyat təyyarələrinin Azərbaycanın, o cümlədən Bakımın səmasına soxulmasının qarşısı alınmamışdı. Şəhəri hava hücumundan müdafiəsini həyata keçirən hərbi qüvvələrin peşəkarlığı və təchizatı sahəsində ciddi qüsurlar var idi. Bakının dənizdən müdafiəsinin vəziyyəti daha zəif həyata keçirilirdi. Məruzəçi Bakı şəhərinin işğalı məqsədi ilə Almaniyanın hərbi-siyasi rəhbərliyi tərəfindən qəbul edilən qərarlardan, alman qoşunlarının bununla bağlı həyata keçirdikləri əməliyyatlardan, Stalinqrad uğrunda döyüşlərin yekununa Bakı amilinin rolundan da bəhs etdi. Rövşən Hətəmov elmi məruzəsinin əsas müddəalarını əks etdirən təqdimatı da xüsusi maraq doğurdu.
Məruzədən sonra seminar iştirakçıları qeyd edilən məsələlər ilə bağlı fikirlərini bildirdilər və suallarını verdilər.