İbrahim Zeynalov: "Vətənin xilaskar oğlu"
Müasir Azərbaycan tarixinin yarım əsrlik bir dövrü, o cümlədən Azərbaycanın dövlət müstəqilliyinin formalaşması, milli dövlət quruculuğu, respublikanın dinamik inkişafı və dünya inteqrasiya sisteminə qovuşması, respublikada hüquqi dövlət qurulması demokratik, sivilizasiyalı cəmiyyət yaradılması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqının, tarixinin yetirdiyi ən qüdrətli şəxsiyyət, beynəlxalq səviyyəli böyük düha və dövlət xadimi, fenomen lider Heydər Əliyev qeyd etdiyi kimi, “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanması, daimi, əbədi olması bundan da çətindir”.
SSRİ Dövlət Təhlükəsizlik orqanlarında sıravi leytenant rütbəsindən general rütbəsinə və Azərbaycan SSR DTK-nın sədri vəzifəsinədək yüksələn Heydər Əliyev dövrünün böyük şəxsiyyəti və dünya miqyaslı siyasətçi idi. Həm də “müsəlman və türk olasan! Şovinist əhval - ruhiyyəli SSRİ rəhbərliyinin yuxarı eşelonunda təmsil olunmaq, dünyada gedən proseslərə təsir göstərə biləcək işlərlə məşğul olmaq-bunlar yalnız Heydər Əliyevə nəsib olmuşdu”. Ulu Öndər Heydər Əliyevin bu fərdi xüsusiyyətləri, qeyri-adi bacarığı, son dərəcə uzaqgörənliyi barədə keyfiyyətlərini təkcə azərbaycanlılar deyil, bütün dünyanın görkəmli dövlət xadimləri, məşhurları etiraf edirdi.
1969-cu il 14 iyulda Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə gəldi. Onun 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikanın sosial - iqtisadi böhran vəziyyətinin, uzun müddətli geriliyinin təhlili verildi, səbəbləri açıqlandı və çıxış yolları müəyyənləşdirildi. Həmin vaxtdan da 1969-1970-ci illərdən Azərbaycanda tənəzzüldən tərəqqiyə dönüş başladı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda dirçəliş, inkişaf, cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özünəqaydışa dönüş mərhələsinin başlanğıcı qoyuldu. 1969-1982-ci illərdə Azərbaycanın ictimai-siyasi, o cümlədən iqtisadi həyatında intibah başlandı.
Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə respublikanın iqtisadi inkişaf konsepsiyası hazırlanmış, iqtisadiyyatda, o cümlədən kənd təsərrüfatında ixtisaslaşma, maddi-texniki və müasir istehsal sahələrinin yaradılması ilə bağlı kompleks tədbirlər hazırlanmış və həyata keçirilmişdir. Nəticədə, 1970-1980-ci illərdə Azərbaycan sosial-iqtisadi inkişaf səviyyəsinə görə ittifaq respublikaları arasında daima öndə getmişdir.
Erməni şovinistləri, erməni lobbisi, SSRİ rəhbərliyində kök salmış “mikoyanlar”, ermənipərəstlər Heydər Əliyevin - qüdrətli türk oğlunun SSRİ rəhbərliyindəki mövqeyinə, nüfuzuna dözə bilmirdilər. Bu mənfur cılız insanlar 1982-ci ildən Sovet İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək bir vəzifədə çalışan Heydər Əliyev şəxsiyyətinin qarşısında çox aciz görünürdülər, həm də Azərbaycan əleyhinə heç bir məkrli planlarını həyata keçirə bilmirdilər.
Heydər Əliyev hamin dövrdə beynəlxalq miqyaslı mühüm əhəmiyyət daşıyan bir çox qərarların hazırlanması və qəbulu prosesində fəal iştirak etmişdir. Ulu Öndər beynəlxalq münasibətlərin, xüsusən beynəlxalq vəziyyətin, regionlararası münasibətlərin yaxşılaşdırılmasına, yönəlmiş bir sıra danışıqlarda SSRİ nümayəndə heyətinə rəhbərlik etmişdir. SSRİ rəhbərliyində işlədiyi müddətdə dünyada sülhün və təhlükəsizliyin qorunmasına, sivilizasiyalararası savaşın, mübahisəli məsələlərin dinc və danışıqlar yolu ilə həll edilməsinə böyük tövhəsini vermişdir.
XX yüzilliyin 80-ci illərinin sonuna yaxın, artıq Sovetlər ölkəsini ictimai-siyasi və sosial-iqtisadi böhran bürümüşdü. Mixail Qarbaçovun “yenidənqurma”, “aşkarlıq və demokratiya” siyasəti onsuz da tənəzzülə uğramaqda olan iqtisadiyyata ağır zərbə vurdu, SSRİ-nin dağılma prosesini daha da sürətləndirdi.
1984-cü ildə SSRİ rəhbərliyinə gələn erməni xislətli, türk xalqlarına kəskin və barışmaz nifrəti ilə fərqlənən M.Qarbaçov və Dağlıq Qarabağın Ermənistana birləşdirməyə çalışan erməni və ermənipərəstlər Heydər Əliyevin nüfuzunun artmasından təşvişə düşmüşdülər.
M.Qarbaçov komandası belə bir şəraitdə müstəqilliyə can atan qüvvələrə zərbə vurmaq üçün ənənəvi “parçala, hökmranlıq et” siyasətini yenidən işə saldırlar, milli münaqişə ocaqları alovlandırıldı, xalqlar arasında qanlı nifaq salındı. Moskva mühüm geosiyasi əhəmiyyəti olan Azərbaycanı və bununla, bütün Cənubi Qafqazı əldə saxlamaq üçün yenidən uydurma “Dağlıq Qarabağ problemi”ni ortaya atdı.
M.Qarbaçov və onun ermənipərəst dəstəsi müxtəlif vasitələrlə 1987-ci ildə Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasına nail oldular. Bununla da Qarabağın dağlıq hissəsində və daşnak Ermənistanda münaqişə ocağı alovlandı. Erməni separatizminə, vandalizminə, terroruna, soyqırımına və deportasiyasına şərait yarandı. Dağlıq Qarabağ problemi ortaya çıxdı.
1990-cı ilin 20 yanvar hadisəsi göstərdi ki, suverenliyin yeganə yolu Sovet imperiyasından çıxmaq, dövlət müstəqilliyini bərpa etməkdir. Qanlı yanvar hadisəsi milli azadlıq hərəkatının yüksəlişinə səbəb oldu. Qanlı yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir, bu faciə həm də, ləyaqətini, mənliyini qorumaq üçün hər cür qurban verməyə hazır olan Azərbaycan xalqının tarixində şərəfli bir səhifədir. Sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də ulu öndər Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlir və kəskin bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatları və icraçılarının cəzalandırılmasını tələb edir. Ulu öndər bu tarixi çıxışında bildirirdi: “Azərbaycanda baş verən hadisələrə gəlincə mən onları hüquqa, demokratiyaya yabaçı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm... Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Belə ki, kobud siyasi səhv buraxmışlar”.
Heydər Əliyev SSRİ-nin dağılmasının labüdlüyünə inanırdı. O, Azərbaycan Respublikası Ali Baş Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasında SSRİ-nin saxlanmasına münasibət bildirməsi üçün keçiriləcək ümumittifaq referendumununda iştirak etməyin əleyhinə çıxdı və bildirdi ki, Azərbaycan tam müstəqil yaşaya bilər.
Ulu öndər Moskvanın antiazərbaycan siyasətinə, Dağlıq Qarabağ problemi ilə bağlı sovet rəhbərliyinin, şəxsən M.Qarbaçovun ikiüzlü siyasətinə etiraz olaraq, 1991-ci il iyulun 19-da Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi. Bununla, Heydər Əliyev Azərbaycan xalqını Kommunist partiyasının inzibati amillik və totalitar idarəçiliyinə son qoymağa çağırdı, həmçinin Ulu öndər Azərbaycan Kommunist Partiyasından hakimiyyətdən əl çəkməyi, demokratik cəmiyyətin qurulması, siyasi plüralizm təmin edilməsi üçün lazımı şərtlərin yaradılmasını tələb etdi.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ona qarşı qurula biləcək təxribatlardan qorunmaq üçün 1991-1993-cü illərdə Naxçıvanda yaşamış, 1991-ci ildə də Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. Ulu öndər 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini olmuşdur. Heydər Əliyev bu illərdə Naxçıvanda milli dövlətçilik ənənələrinin bərpa olunmasında ilk addımlar atıldı: 1991-ci il noyabrın 17-də Muxtar Respublikanın adından “Sovet sosialist” sözü götürüldü və Naxçıvan Muxtar Respublikası adlandırıldı; Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağı Muxtar Respublikanın dövlət bayrağı oldu. Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirilən təsis qurultayında partiyanın sədri seçildi.
1992-1993-cü ilin may-iyun aylarında iqtisadiyyatın bütün sahələrində tənəzzül dərinləşir, maliyyə-kredit sisteminin iflic vəziyyətə düşməsi, ölkə daxilində qeyri-sabit siyasi vəziyyətin, hakimiyyət uğrunda çəkişmələrin və hökumət böhranın son dərəcədə kəskinləşməsi ölkədə çox çətinliklə əldə edilmiş müstəqilliyin itirilməsi təhlükəsi yaratmışdı. Müstəqilliyin və dövlətçiliyin təhlükə altında olduğunu görən xalq çıxış yolunu Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gətirilməsində gördü.
Azərbaycan xalqı Ulu öndər Heydər Əliyein siyasi hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Bu, Azərbaycanda qurtuluş hərəkatının həlledici mərhələsi idi. Respublikanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev belə bir böhranlı vəziyyətdə xalqın təkidini yüksək qiymətləndirdi. Onların təkidli tələbi ilə 1993-cü il iyunun 15-də yenidən Azərbaycanda rəhbərliyə qayıtması, Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi, iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlaması və 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilməsi respublikamızda dövlətçiliyin möhkəmləndirilməsinə ictimai-siyasi, iqtisadi vəziyyətin sabitləşməsinə, suveren gənc dövlətin iqtisadi əsaslarının yaradılmasına xidmət edən kompleks tədbirlərin həyata keçirilməsinə şərait yarandı. Bilavasitə az müddətdə xilaskar liderin rəhbərliyi ilə müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasları yaradıldı, müstəqilliyimizin əbədi qurulması üçün fundamental zəmin yaradıldı. 1994-cü ilin sentyabrında “əsrin müqaviləsi” imzalandı. Cəbhədə 1994 may atəşkəs əldə edildi. Daxili sabitlik təmin olunmağa başladı. Nəticədə Azərbaycan Respublikasına güclü investisiya axını təmin olundu. Həyata keçirilən tədbirlər nəticəsində 1996-cı ildə iqtisadiyyatda tənəzzül meyllərinin qarşısı alındı.
1993-cü il iyunun 15-dən başlayan Qurtuluş hərəkatı və həyata keçirilən tədbirlər nəticəsində ölkədə yaranmış xaosa, ümidsizliyə, sarsıdıcı zərbə, dinamik iqtisadi həyata, onun dirçəlməsinə aparan qələbə idi.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və bu gün Azərbaycan xalqının milli tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
1994 və 1995-ci illərdə Azərbaycanın dövlət müstəqilliyinə böyük təhlükə yarandı. Dövlət müstəqilliyinin əleyhinə olan respublika daxili qüvvələr xaricdəki havadarlarının köməyi ilə dövlət çevrilişinə cəhd göstərdilər. Lakin ulu öndər Heydər Əliyevin qətiyyəti, iradəsi və xalqla birliyi qarşısında davam gətirə bilmədilər, onlar zərərsizləşdirildi və Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanıldı, sonrakı illərdə isə daha da möhkəmləndirildi.
Ulu öndər Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə yeni bir ideologiyanın əsası qoyuldu. Bu ideologiyanın əsasını müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edir.
Bu dahi şəxsiyyətin hakimiyyətə qayıdışından sonra apardığı daxili siyasət ölkənin hər bir vətəndaşına azad, sərbəst yaşamaq, fəaliyyət göstərmək hüquqlarını təmin etmək və öz maddi-rifahını, sosial vəziyyətini yaxşılaşdırmaq imkanlarını yaratmaqdan ibarət olmuşdur. Ulu öndər Azərbaycanın rəhbərliyinə qayıdışından sonra onun fəaliyyətində sosial-iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, milli iqtisadi strukturunun yaradılması, iqtisadiyyatda dinamik inkişafın təmin olunması, Azərbaycanın dünyaya inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar, hüquqi və siyasi islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr təşkil etmişdir. Bununla da Heydər Əliyev Yeni Azərbaycanın qurucusuna çevrildi.
1995-ci ilin sonlarından Azərbaycan dövləti ulu öndərin rəhbərliyi altında keyfiyyətcə yeni mərhələyə daxil oldu. Respublikanın sosial-iqtisadi, ictimai-siyasi həyatına yaxşı bələd olan Heydər Əliyev yeni Azərbaycan qurucusu kimi yorulmaz fəaliyyətini davam etdirirdi.
1993-2003-cü illərin nailiyyətləri, hadisələri göstərdi ki, Heydər Əliyev təcrübəli bir kapitan kimi Azərbaycan gəmisini tarix okeanının tufanlarından, qasırğalarından sağ-salamat keçirib, uğurla irəliyə-gələcəyə aparmağa qadir liderdir. Beləliklə, yarım əsr “Azərbaycan xalqının milli lideri kimdir?” sualına Heydər Əliyev öz misilsiz, möhtəşəm fəaliyyəti ilə cavab verdi.
Ulu öndər bütün azərbaycanlıların lideri idi. O, həm də dünyanın böyük ictimai-siyasi xadimləri səviyyəsinə yüksəlmişdir.
Dünya azərbaycanlılarının lideri-Heydər Əliyevin hər bir azərbaycanlı üçün, onun taleyi üçün daşıdığı məsuliyyət hissi olduqca müqəddəs hiss kimi qiymətləndirilir. Dünya azərbaycanlılarının I qurultayında Heydər Əliyevin söylədiyi proqram səciyyəli nitqində qeyd edilirdi. “Biz azərbaycançılığın dövlət rəmzlərini yaşadan müstəqil dövlətimiz ətrafında daha sıx birləşməli, onun tərəqqisi üçün əlimizdən gələni əsirgəməməliyik”.
2001-ci ilin yanvarında Azərbaycanın Avropa Şurasına və Avropa dövlətləri sırasına daxil olması, “Avropa evi”nin bərabər hüquqlu və etibarlı sakininə çevrilməsi Heydər Əliyevin xarici siyasət fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edirdi.
Beləliklə qeyd edə bilərik ki, ölkəmizin son 17-18 ildə əldə etdiyi möhtəşəm nailiyyətlərin əsası, yüksək sürətlə inkişaf edən iqtisadi inkişafın, uğurlu xarici siyasətin, möhtəşəm ordu quruculuğunun təməlləri məhz 1993-2003-cü illərdə qoyulmuşdur.
2003-cü ildə Azərbaycan xalqı çox böyük ruh yüksəkliyi ilə Heydər Əliyev siyasətinə səs vermişdir, İlham Əliyevə etimad göstərmişdir. Hazırda, Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi və digər sahələrdə əldə edilən misilsiz uğurlar göstərir ki, Respublika Prezidenti İlham Əliyev ulu öndərin siyasətinə sadiqliyini möhkəm və daimidir, əbədidir. Faktlar göstərir ki, son 17-18 illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında doğrudan da Azərbaycan nəhəng tarixi uğurlara imza atmışdır və bu siyasət bu gündə daha uğurla davam etdirilir.
Ulu öndər dönə-dönə bildirirdi ki, Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Son 17 ilin ən dəyərli uğuru 44 günlük Vətən müharibəsində xalqımızın tarixi, Şanlı Qələbədir. Bu qələbə xalqımızın qürur mənbəyidir. Çünki Azərbaycan qalib gəldi, Qarabağ Azərbaycana qaytarıldı, ədalət, Azərbaycanın ərazi bütövlüyü bərpa oldu. İndi çox böyük qürurla deyə bilirik ki, “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır".