“Heydər Əliyev şəxsiyyəti gənc tarixçilərin gözü ilə” adlı elmi tədbir
03 May 2021-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakultəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev şəxsiyyəti gənc tarixçilərin gözü ilə” adlı elmi diskussiya təşkil edilmişdir. Tədbirdə Tarix Fakultəsi Qafqaz Tarixi kafedrasının müdiri, professor İradə Hüseynova, Tarix fakultəsinin Elmi İşlər üzrə dekan müavini, dosent Kəmalə Nəcəfova və TEC üzvləri iştirak edirdilər. Əsas məruzəçi olaraq Ümummilli Lider Heydər Əliyev irsinin ilk elmi tədqiqatçısı İradə Hüseynova Heydər Əliyevin 1941-ci ildən başlayan 2003-cü ilədək uğurla davam edən fəaliyyətini geniş və təfərrüatlı təhlil edərək Azərbaycanda hansı sistemin mövcudluğundan asılı olmayaraq onun hər zaman milli təəssübkeş vətəndaş mövqeyinin dəyişməz olduğunu konkret faktlarla tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Məruzəçi İradə Hüseynova tədqiqat prosesində qarşılaşdığı maraqlı anları, məhz Heydər Əliyevin birbaşa göstərişi ilə ona məxsus şəxsi arxivin tədqiqatı üçün açılmasını və bunun ümumilikdə araşdırmanın gedişinə müsbət təsirini tələbələrlə bölüşdü. Bir tədqiqatçı olaraq hər çətin situasiyada Heydər Əliyevin uzaqgörən, müdrik, düşünülmüş addım atdığının əldə etdiyi sənədlərlə şahidi olan İradə Hüseynova həmin anların əvəzolunmazlığını xüsusi məmnuniyyətlə gənc tarixçilərə bildirdi.
Tədbir gedişində tələbələr Heydər Əliyev irsinin onlar üçün bir məktəb və nümunə olmasını bildirərək, bu zəngin irsin daha da dərindən və hərtərəfli öyrənilməsinə ehtiyac olduğunu vurğuladılar. Hələ, 1969-1982-ci illərdə respublikaya rəhbərliyi dövründə Ümummilli Lider Heydər Əliyevin mədəni sahədə milli oyanışa rəvac verən yazılara görə təqib olunma təhlükəsi ilə üzləşə biləcək yaradıcı insanları himayə etməsi faktları tələbələrin böyük marağına səbəb oldu.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş elmi tədbir diskussiya formatında davam etdi, maraqlı müzakirələlə yadda qaldı.