“Heydər Əliyev: 101 ilin tarixi həqiqətləri” mövzusunda Respublika elmi konfransı keçirilmişdir.
Tarix fakültəsində “Heydər Əliyev: 101 ilin tarixi həqiqətləri” mövzusunda Respublika elmi konfransı keçirilmişdir.
7 may 2024-cü ildə Tarix fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: 101 ilin tarixi həqiqətləri” mövzusunda respublika elmi konfransı keçirilmişdir. Konfransda Azərbaycanın elmi və ali təhsil müəssisələrində çalışan alimlər, araşdırmaçılar, professor-müəllim heyəti, həmçinin doktorant və dissertantlar, magistrantlar və tələbələr iştirak etmişlər. Müzakirələr aşağıdakı mövzular ətrafında aparılmışdır:
- Ümummilli lider Heydər Əliyevin tarixi şəxsiyyət kimi siyasi portreti
- Heydər Əliyev və Azərbaycan dövlətçilik tarixinin intibah dövrü
- Müstəqil Azərbaycan Respublikasının xilaskarı və qurucusu
- Heydər Əliyevin dövlət strategiyası: daxili və xarici siyasət
- Heydər Əliyev kursunun layiqli davamçısı
- Heydər Əliyevin ordu quruculuğu strategiyasının 44 günlük Vətən müharibəsində qazanılan qələbədə rolu
- Tarix elminin aktual problemləri (magistrant və doktorantların dissertasiya mövzuları üzrə)
Bakı Dövlət Universitetinin professor-müəllim heyətinin, elmi – tədqiqat institutları, ali təhsil müəssisələrindən qonaqların, həmçinin doktorant və dissertantlar, magistrantlar və tələbələrin iştirak etdiyi Plenar iclasda ilk olaraq Azərbaycan Respublikasının himni dinlənilmiş, ardınca Ulu öndər və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılmışdır. Daha sonra açılış nitqi üçün söz Tarix fakültəsinin dekanı tarix elmləri doktoru, professor İbrahim Zeynalova verilmişdir. O, konfrans iştirakçılarını və qonaqları salamladıqdan sonra keçirilən konfransın əhəmiyyətindən danışmış, həmçinin cari ildə fakültədə keçirilmiş və keçirilməsi nəzərdə tutulan elmi tədbirlər haqqında məlumat vermişdir.
Plenar iclasda daha sonra Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri akademik Yaqub Mahmudovun “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” mövzusunda, Türk xalqları tarixi kafedrasının müdiri professor Əsməd Muxtarovanın “Tarix elminin inkişafında Heydər Əliyevin rolu” mövzusunda, Qafqaz xalqları tarixi kafedrasının müdiri professor İradə Hüseynovanın “Heydər Əliyevin ekoloji siyasətinin davamçısı İlham Əliyev. Tarixi – siyasi varislik” mövzusunda, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri, dosent Azad Rzayevin “Heydər Əliyevin milli dövlət quruculuğu strategiyası” mövzusunda məruzələri dinlənilmişdir.
Fasilədən sonra konfrans işini 4 bölmə iclasında davam etdirmişdir. Bölmə iclaslarında Bakı Dövlət Universitetinin, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun, M.Fizuli adına Əlyazmalar İnstitutunun, Qafqazşünaslıq İnstitutunun, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Universitetinin əməkdaşlarının, magistrantlarının, həmçinin Bakı Dövlət Universiteti Tarix fakültəsinin professor – müəllim heyətinin, tələbələrinin, magistrant və doktorantlarının 45 məruzəsi dinlənilmiş, məruzəçilərə iştirakçı sertifikatları təqdim edilmişdir. Sonda bölmə rəhbərlərinin hesabatları dinlənilmiş, konfransın işi yekunlaşdırılmışdır.