Görkəmli tarixçi alim, professor, Səfyar Musayevin anadan olmasının 90 illik yubileyi münasibətilə I Fəxri Xiyabanda yerləşən məzarı ziyarət olunub.
-lg.jpg)
24.10.2025 tarixində görkəmli tarixçi alim, professor, 91-lərdən biri olan Səfyar Musayevin anadan olmasının 90 illik yubileyi münasibətilə Bakı Dövlət Universiteti (BDU) Tarix fakültəsinin rəhbərliyi, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, eləcə də alimin ailə üzvləri onun xatirəsini yad ediblər. Tədbir çərçivəsində professor Səfyar Musayevin I Fəxri Xiyabanda yerləşən məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülüb, alimin əziz xatirəsi dərin ehtiramla anılıb. Ziyarət zamanı Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov çıxış edərək professor Səfyar Musayevin Azərbaycan tarix elminin inkişafındakı mühüm xidmətlərindən, alim və pedaqoq kimi formalaşdırdığı məktəbdən, həmçinin nəslin yaddaşında unudulmaz iz buraxan şəxsiyyətindən danışıb. O, Səfyar Musayevin elmi və pedaqoji fəaliyyətinin bu gün də gənc tədqiqatçılar üçün örnək olduğunu vurğulayıb. Daha sonra iştirakçılar professorun həyat və yaradıcılığından bəhs edən xatirələrini bölüşüblər. Ziyarət professor Səfyar Musayevin Azərbaycan elminə və təhsilinə verdiyi töhfələrin bir daha xatırlanması və onun zəngin irsinə ehtiramın ifadəsi kimi dəyərləndirilib. Qeyd edək ki, Səfyar Musayevin Yeni Azərbaycan Partiyasının yaranmasında böyük xidmətləri olmuşdur. Belə ki, o məşhur 91-lərin təşəbbüs qrupunun rəhbəri, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı olmuş və 1986-cı ildən Tarix fakültəsi “Siyasi tarix (Humanitar fakültələr üzrə)” kafedrasının müdiri seçilmiş və vəfat edənədək bu vəzifədə çalışmışdır.