“Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasında növbəti Elmi seminar keçirilib
12 oktyabr 2023-cü ildə saat 14:00-da Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının dosenti Səidə Əli qızının "Heydər Əliyevin azərbaycanlılara qarşı törədilmiş soyqırımlar və deportasiyalar haqqında fərmanları və onların tarixi əhəmiyyəti " mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirilmişdir.
İştirakçıları salamlayan Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Kəmalə Nəcəfova tədbir iştirakçılarına elmi seminarın mövzusunun aktuallığından danışaraq qeyd etdi ki, 2023-cü il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq ölkəmizdə “Heydər Əliyev ili” elan olunmuşdur. Bu çox mühüm hadisə ilə bağlı Tarix fakültəsində, Universitet rəhbərliyi ilə birlikdə, respublika və beynəlxalq səviyyəli konfranslar, elmi seminarlar keçirilir. Daha sonra çıxış edən Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov bildirdi ki, noyabr ayında Bakı Dövlət Universitetinin Tarix fakültəsində onun rəhbərliyi ilə “Heydər Əliyev və Azərbaycan tarix elmi” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir. Bu gün təşkil olunmuş seminar da Heydər Əliyevin Azərbaycan xalqı və tarixi qarşısında unudulmaz xidmətlərinə həsr olunmuşdur.
Elmi seminarda Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti Səidə Əli qızı çox məzmunlu çıxış etdi. O, çıxışında qeyd etdi ki, Azərbaycan xalqı yeni əsrə, yeni minilliyə məhz Heydər Əliyev dühasının işığında qədəm qoymuşdur. Bu gün davamlı inkişaf yolunda irəliləyən, lazım gəldikdə, düşmənlərinə sinə gərməyi, layiqli cavab verməyi, 30 ilə yaxın bir müddət ərzində nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrə baxmayaraq, həll edə bilmədikləri və ya etmək istəmədikləri, “dondurulmuş münaqişələr” zümrəsinə aid etdikləri “Qarabağ problemi”ni 44 günlük Zəfər müharibəsi, 23 caat 43 dəqiqə sürən Lokal hərbi əməliyyat nəticəsində tarixi torpaqlarının bütövlüyünü təmin edən müasir Azərbaycan məhz Heydər Əliyevin həyat amalının təntənəsidir.
Dosent Səidə Əli qızı qeyd etdi ki, fərmanların məzmunu və tarixi əhəmiyyəti, Ulu Öndərin xalqımız qarşısındakı xidmətlərini sadalamaqla bitməz. Lakin bunların sırasında onun xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar müstəqilliyin ilk illərində milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soykökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Heydər Əliyev hakimiyyətdə olduğu bütün müddət ərzində xalqımızın tarixinin yenidən daha dərindən, sovet stereotiplərindən uzaq, həmçinin obyektiv şəkildə öyrənilməsini zəruri bildiyini və bu məqsədlə özünün qiymətli tövsiyələrini verdiyini bildirdi.
Geniş auditoriya iştirakçıları dosent Səidə Əli qızının çıxışını çox maraqla dinlədilər. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində silsilə tədbirlərin həyata keçirildiyi Tarix fakültəsində bu seminar böyük izdihamla keçirildi.
İki saata yaxın davam edən elmi seminar maraqlı müzakirələrlə yadda qaldı.