Fakültədə növbəti elmi seminar keçirilib
02 noyabr 2023-cü ildə saat 14:00-da Bakı Dövlət Universitetinin Tarix fakültəsində "Rusiya imperiyası ilə Car-Balakən camaatlığı arasında imzalanmış Andlı öhdəliklər" mövzusunda elmi seminar keçirilmişdir.
Rusiyanın Azərbaycanı işğalını rəsmiləşdirən ilkin sənədlər sırasında ilk əvvəl Andlı öhdəliklər qeyd edilməlidir. Andlı öhdəliklər tərtib qaydaları, şərtləri və ən mühümü dili baxımından böyük maraq kəsb edən sənədlərdirlər. Elmi seminarda Rusiya imperiyasının Car-Balakən camaatlığı ilə imzaladığı Andlı öhdəliklərin təhlili nəzərdə tutulmuşdur. Azərbaycanın digər xanlıqlarından fərqli olaraq Rusiya imperiyası Car-Balakənlə bir neçə Andlı öhdəlik imzalamışdır. Buna səbəb olan şərtlər, sənədlər arasındakı fərqlər və s. məruzənin əsas məzmunun təşkil edir.
Seminar iştirakçılarını salamlayan Tarix fakültəsinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mehman Abdullayev bildirdi ki, Cənubi Qafqazda o cümlədən Azərbaycanda Rusiyanın həyata keçirdiyi müstəmləkəçilik siyasətinin mahiyyətinin öyrənilməsi baxımından kafedramızın dosenti Arzu Məmmədova "Rusiya imperiyası ilə Car-Balakən camaatlığı arasında imzalanmış Andlı öhdəliklər" adlı mövzusu çox böyük elmi aktuallıq kəsb edir.
Elmi seminarda Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının dosenti, Arzu Məmmədova eyni adlı məruzə ilə çox məzmunlu çıxış etdi. O, çıxışında Rusiyanın Qafqazın işğalı prosesində müxtəlif bölgələrdə tətbiq etdiyi Andlı öhdəliklərdən istifadə etməsinin məqsəd və səbəblərini, Rusiya imperiyasının Azərbaycanın Car-Balakən camaatlığı ilə bağladığı Andlı öhdəliklərin digər xalqlar və cəmiyyətlərlə bağlanmış sənədlərlə oxşar və fərqli cəhətlərini seminar iştirakçıların diqqətinə çatdırdı. O, Car-Balakən azad camaatlığı ilə bağlanan Andlı öhdəliklərin rus və türk dilində olan variantlarını müqayisəli şəkildə təhlil etdi. Məruzəçi sənədin Azərbaycan türk dilində tərtib olunmasının səbəbini doğru olaraq bölgədə əsas üstün, dominant etnosun türklərin olduğu ilə izah etdi.
Seminarda Tarix fakültəsinin dekan müavini, dosent Kəmalə Nəcəfova, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının dosenti Yunis Nəsibov, Bəymirzə Şabiyev, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev çıxış edərək məruzədə irəli sürülən məsələlərə öz münasibətini bildirdilər. Seminar iştirakçısı olan fakültə müəllimləri, magistrlar, elmi işçilər Rusiya imperiyası ilə Car-Balakən camaatlığı arasında imzalanmış Andlı öhdəliklər haqqında elmi cəhətdən yaxşı əsaslandırılmış bilgilər əldə etdilər.