“Ətraf mühiti qoru! Onun qayğısına qal!” adlı tədbir keçirilib.
Bakı Dövlət Universiteti (BDU) Tarix və Geologiya fakültələri Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə “Ətraf mühiti qoru! Onun qayğısına qal!” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov ekoloji problemlərin təkcə bu günümüzə deyil, gələcəyimizə də təsir göstərdiyini vurğulayıb. O, insan və təbiət münasibətlərinə tarixi aspektdən yanaşaraq bildirib ki, qədim dövrlərdən bəri ətraf mühitin qorunması insan cəmiyyətinin mühüm vəzifələrindən biri olub. Professor Zeynalov bu sahədə tələbələrin və gənc nəslin maarifləndirilməsinin vacibliyinə xüsusi diqqət çəkib. Daha sonra Geologiya fakültəsinin dekanı, dosent Mamoy Mansurov çıxış edərək geoloji mühitin insan fəaliyyəti nəticəsində necə dəyişdiyini elmi nümunələrlə izah edib. O qeyd edib ki, yeraltı və yerüstü sərvətlərdən səmərəli istifadə olunması, eləcə də geoloji proseslərin düzgün izlənməsi ekoloji tarazlığın qorunmasında mühüm rol oynayır. Mamoy Mansurov universitet tələbələrinin bu istiqamətdə bilik və bacarıqlarının artırılmasının önəmindən bəhs edib. Tədbirdə iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai Şurasının sədri Amil Məmmədov çıxışında ekoloji siyasət, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən layihələr və ictimai iştirakçılığın əhəmiyyəti haqqında geniş məlumat verib. O bildirib ki, vətəndaş cəmiyyətinin ekoloji təşəbbüslərdə aktiv iştirakı ölkənin davamlı inkişafına töhfə verir. Amil Məmmədov xüsusilə gənclərin bu sahədə maariflənməsini və öz təşəbbüslərini irəli sürməsini təqdir etdiyini bildirib. Daha sonra Ümumi və Tarixi Geologiya kafedrasının müəllimi Nürəddin Abbasov çıxış edərək yer kürəsində baş verən təbii proseslərin müasir ekoloji problemlərlə necə əlaqəli olduğunu izah edib. O, təbiətə münasibətin dəyişməsi üçün elmi biliklərin gündəlik həyata inteqrasiya edilməsinin və gənclər arasında bu mövzuda düzgün düşüncə tərzinin formalaşdırılmasının zəruriliyini qeyd edib. Sonda ətraf mühitin mühafizəsinə həsr olunmuş maarifləndirici videoçarx nümayiş olunub. Videoçarx tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.