“Elmi tədqiqat nədir və elmi tədqiqatın mərhələləri” mövzusunda V seminar keçirilib.
BDU-nun Tarix fakültəsinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrası nəzdində «Dünya azərbaycanlıları: tarixi demoqrafiya» elmi-tədqiqat laboratoriyası, Tarix fakültəsinin Tələbə Elmi Cəmiyyəti və Türk dünyası gənc tədqiqatçılar dərnəyinin təşkilatçılığı ilə “Elmi tədqiqat nədir və elmi tədqiqatın mərhələləri” mövzusunda V seminar keçirilmişdir.
İlk olaraq Tarix fakültəsinin Tələbə Elmi Cəmiyyətinin rəhbəri t.f.d.Hicran Mahmudova seminarın məzmunu və əhəmiyyəti barədə məlumat verdi.
Seminarın məruzəçisi Dünya azərbaycanlıları: tarixi demoqrafiya elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi dosent, t.f.d.Səidə Quliyeva Tarix fakültəsində gənclərin elmə maraqlarını nəzərə alaraq, elmi tədqiqatın mərhələləri və vacib prosedurların izahına ehtiyac olduğunu bildirdi. Eyni zamanda, magistr və doktorluq dissertasiyası üzərində tədqiqat aparan gənclərin rastlaşdıqları problemləri sadaladı. Ənənəvi keçirilən seminarda elmi-tədqiqatın mərhələləri: tədqiqat mövzusunun seçilməsi, planın qurulması, hipotezlərin qoyuluşu, tədqiqatların növləri və müvafiq strukturları, yazılma mexanizmi, istinadların verilməsi qaydaları, redaktə və tədqiqatın ictimaiyyətə çatdırılması barədə məlumat verildi. Sonda dos. Səidə Quliyeva suallara cavab verdi və müzakirələr aparıldı. Seminarda iştirak edən bakalavrlar, magistr və doktorantlar, həmçinin elmi-tədqiqata marağı olan gənclər onları maraqlandıran suallar verdilər. Gənclər əsasən tədqiqatların məqsəd və vəzifələri, istifadə edilən ədəbiyyatlar, plagiat, referatların tərtibi və digər məsələlərə daha çox diqqət yetirdilər.
Əlavə edək ki, Dünya azərbaycanlıları: tarixi-demoqrafiya elmi tədqiqat laboratoriyası əsasnaməyə uyğun olaraq gənclərin elmə cəlb edilməsi üçün müxtəlif istiqamətlərdə fəaliyyət göstərir.