Elmi seminar
23 fevral 2023-cü ildə Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının “Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri“ mövzusunda elmi seminarı keçirilib.
İştirakçıları salamlayan Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova elmi seminarın mövzusunun aktuallığı haqqında qısa məlumat verdi və bildirdi ki, 1992-ci il fevralın 26-da 366-cı alayının erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə 7 min əhalisi olan Xocalı şəhərində həyata keçirilmiş genosid aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bu baxımdan, Xocalı soyqırımı XX əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Elmi seminarda Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti Boran Əziz “Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri“ mövzusunda məruzə ilə çıxış etdi.
Xocalı soyqırımı ilə bağlı onlarla tədqiqat əsəri, elmi seminarın mövzusu ilə eyni adda Azərbaycanda və xaricdə 4 kitabı nəşr olunan məruzəçi bildirdi ki, tarix boyu türklərə qarşı düşmənçilik siyasəti yeridən Ermənistan dövlətinin bu dəhşətli hadisəni törətməkdə əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirən Xocalı, həm də Qarabağın guya ermənilərə aid olması haqqında yalanları ifşa edən tutarlı tarixi fakt idi. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələri tarixə Xocalı-Gədəbəy mədəniyyəti adı ilə daxil olmuş və tədqiq olunmuşdu. İşğaldan sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
Sovet hakimiyyəti dövründə azərbaycanlıların öz tarixi-etnik torpaqlarından zorla qovulmasının sonuncu mərhələsini tamamlayan Ermənistan dövləti, bütün beynəlxalq hüquq normalarına zidd olaraq, hər vasitə ilə Dağlıq Qarabağın azərbaycanlı əhalisini məhv edərək özünə birləşdirməyə çalışir və bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirdi. 4 aydan artıq zaman ərzində Xocalı şəhəri mühasirədə qalmış, respublika rəhbərliyi tərəfindən əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün vacib əməli addımlar atılmamışdır. Məhz bu səbəbdən, əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmış, erməni hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada 3 minə yaxın insan qalmışdı. Son damla qanına qədər şəhəri müdafiə edən qəhrəmanlarımızın ciddi cəhdinə baxmayaraq, Xocalı soyqırımı baş vermiş, 613 nəfər Xocalı sakini (onlardan 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca) ödürülmüş, 1000 nəfər aldığı güllə yarasından əlil olmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmişdir. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüş, onlardan 150-sinin taleyi hələ də, məlum deyil. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir.
Dəhşətli gecədən sonra dörd gün ərzində Xocalıda qətlə yetirilmiş azərbaycanlıların meyitləri Ağdam məscidinə gətirilmiş, onlardan 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq olmaqla) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş,10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır. Sağ qalmış insanlar üzərində təhqiredici hərəkətlər həyata keçirmiş ermənilər insanlığa sığmayan vəhşiliklər törətmişlər. Bütün bunlar Ermənistan tərfindən Cenevrə konvesiyasının protokollarının pozulduğunu və Xocalı cinayətlərinin müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.
Bugün fəxrlə deyə bilərik ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Tarixi Zəfər çalan Rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızı 30 ildən çox əsarət altında saxlayan Ermənistan dövlətinin hərbi arsenalı və təcavüzkar ordusu darmadağın edilmişdir. Bir sözlə, Azərbaycan dövləti öz gücü ilə tarixi ədaləti bərpa etmiş, bütün şəhidlərimizin, Xocalı soyqırımı qurbanları da daxil bütün günahsız qurbanlarımızın qisası alınmışdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
İki saata yaxın davam edən elmi seminar maraqlı müzakirələlə yadda qaldı.