“DÜNYA AZƏRBAYCANLILARI: TARİXİ-DEMOQRAFİYA” ELMİ-TƏDQİQAT LABORATORİYASINDA NÖVBƏTİ ELMİ SEMİNAR KEÇİRİLMİŞDİR.
23 yanvar 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Azərbaycan xalqının erməni faşizminə qarşı mübarizəsi: insan amili və genefondun qorunması (XX əsrin sonu – XXI əsrin 20-ci illəri. Tarixi-demoqrafik tədqiqat)" mövzusunda elmi seminar keçirilmişdi.
Seminarın sədri Tarix fakültəsinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mehman Abdullayev bildirdi ki, bu il üçün kafedranın 2 elmlər doktoru və 1 fəlsəfə doktoru olan doktorantları öz tədqiqatları ilə əlaqədar elmi seminarlar keçirəcəklər. İlk elmi seminarda elmlər doktoru proqramı üzrə təhsil alan dosent Səidə Quliyevanın məruzəsini dinləyəcəyik.
Elmi seminarda Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrası nəzdində fəaliyyət göstərən “Dünya azərbaycanlıları: tarixi demoqrafiya” elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi, dosent Səidə Quliyeva “Azərbaycan xalqının erməni faşizminə qarşı mübarizəsi: insan amili və genefondun qorunması (XX əsrin sonu – XXI əsrin 20-ci illəri, tarixi-demoqrafik tədqiqat)" adlı mövzuda məzmunlu məruzə etdi. O, çıxışında bildirmişdir ki, Vətən müharibəsi (2020) azərbaycanlıların erməni faşizminə qarşı tarixən apardığı mübarizə aktual mövzudur. Torpaqların işğaldan azad edilməsi ilə tədqiqatçıların həmin ərazilərə səfər edərək yerində araşdırmasına imkan yaratmışdır. Müharibənin yaratdığı demoqrafik böhrandan çıxış üçün həyata keçirilən tədbirlərin və mühüm nəticələrin ayrı-ayrı istiqamətlər üzrə araşdırılmasının erməni faşizminə qarşı mübarizənin kompleks şəkildə tədqiqində mühüm əhəmiyyəti vardır.
Məruzədə “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası”, əhali siyahıyaalma materialları və digər materiallar əsasında genefondun qorunması və müharibənin yaratdığı demoqrafik böhranın aradan qaldırılması, əhali artımı, gənc nəslin yetişdirilməsi üçün ideoloji iş, ordunun gücləndirilməsi, Azərbaycan ərazilərində etməni faşizminə son qoyulması prosesi elmi əsaslarla təhlil edilmişdir.
Seminarda Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mehman Abdullayev, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev, Azərbaycanın maddi-mədəniyyəti tarixi kafedrasının elmi işçisi İlham Məmmədov, Dünya azərbaycanlıları: tarixi-demoqrafiya ETL-nin aparıcı elmi işçisi, t.f.d. Şəfayət Fərəcov çıxış edərək məruzədə irəli sürülən məsələlərə öz münasibətini bildirdilər. Seminar müzakirə şəraitində davam etmişdir. Dosent Səidə Quliyeva Elmi seminarda iştirak edənləri maraqlandıran sualları cavablandırmışdır. Məruzəçinin işğal olunmuş rayonların əhalisinin say dinamikası, respublika üzrə ölüm göstəriciləri, şəhidlərin yaş tərkibi, 15-44 yaşda olan kişilərin say dinamikası və digər mövzularda hazırladığı diaqramlar əyani vəsait kimi dəyərli hesab edilmişdir. Sonda qeyd edilmişdir ki, məruzədə əhatə olunan məsələlər elmi cəhətdən əsaslandırılmış və daha geniş auditoriyaya təqdim edilməsi məsləhət görülmüşdür.