Dosent Aydın Məmmədov “Qarabağın tarixi – mədəni irsi” adlı Respublika elmi konfransı keçirilib
1 noyabr 2022-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin təşkilatçılığı ilə “Qarabağın tarixi – mədəni irsi” adlı Respublika elmi konfransı keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyi ilə yanaşı, Respublikanın müxtəlif muzey, ali məktəb və digər elmi müəssisələrinin- Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Odlar Yurdu Universiteti, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları, tədqiqatçıları, tarixçi alimləri, elmi işçiləri iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb və iştirakçılar şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Konfransı giriş sözü ilə muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı açıb və iştirakçıları salamlayıb. Akademik muzeydə Qarabağın tarixi-mədəni irsinin tədqiqi və təbliğinə böyük diqqət ayrıldığını, bu istiqamətdə elmi işlərin mütəmadi davam etdiyini bildirib. Həmçinin, Qarabağ mövzusunda elmi araşdırmaların muzey əməkdaşları və digər alimlər, tədqiqatçılar qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu vurğulayıb. N.Vəlixanlı 44 günlük Vətən Müharibəsi nəticəsində Qarabağın işğaldan azad edilməsinin bu tədqiqatların genişlənməsinə daha çox imkan yaratdığını qeyd edib və məruzəçilərə müvəffəqiyyət arzulayıb.
Sonra muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, t.ü.e.d., dosent Nərgiz Əliyeva “Bir açarın izi ilə” adlı məruzə ilə çıxış edib. Tədqiqatçı alim məruzədə Xocalının tarixi, Xocalı Rayon Maarif Şöbəsinin keçmiş müdiri Murad Şükürova məxsus muzeydə qorunan və simvolik məna daşıyan açarın tarixçəsi və digər materiallar haqqında məlumat verib. Murad Şükürovun özünün, həyat yoldaşının və döyüş yoldaşlarının Xocalı işğal olunan günlə bağlı xatirələri məruzədə geniş yer almış və bu məlumatlar konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Daha sonra iki seksiya üzrə davam edən konfrans çərçivəsində “Qarabağ tarixinin muzey kolleksiyalarında təbliği məsələləri”, “Qarabağın tarixi”, “Qarabağın arxeoloji tədqiqi”, “Qarabağın etnoqrafiyası”, “Qarabağın mədəni irsi” mövzusunda 30-a yaxın tarixçi alim, muzeyşünas, elmi işçinin məruzələri dinlənilib. Verilən suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılıb.