“Cənubi Qafqazda ərazi-sərhəd məsələləri (1922–1991-ci illər)” mövzusunda elmi məruzə
-lg.jpg)
18 fevral 2026-cı il tarixində Qafqaz xalqları tarixi kafedrasının saathesabı müəllimi Nəsrin Mehdiyevanın Regionşünaslıq (Qafqaz üzrə) və Regionşünaslıq (Amerika üzrə) ixtisasında təhsil alan IV kurs tələbələrinə “Cənubi Qafqazda ərazi-sərhəd məsələləri (1922–1991-ci illər)” mövzusunda elmi məruzəsi keçirilmişdir. Məruzədə sovet dövründə inzibati-ərazi bölgüsünün formalaşması, muxtariyyət siyasətinin xüsusiyyətləri, 1936-cı il Konstitusiyasından sonra respublikaların statusu və 1988–1991-ci illərdə sərhəd məsələlərinin yenidən aktuallaşması elmi əsaslarla təhlil edilmişdir.
Məruzəçi qeyd etdi ki, 1922–1991-ci illərdə Cənubi Qafqazda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan, Gürcüstan və Ermənistan əvvəlcə Zaqafqaziya Federasiyasında birləşdirildi, 1936-cı ildən isə birbaşa SSRİ-nin müttəfiq respublikalarına çevrildi. Bu dövrdə Moskvanın siyasi-strateji maraqları əsasında inzibati sərhədlər müəyyənləşdirildi, Dağlıq Qarabağ Muxtar Vilayəti və Naxçıvan Muxtar Respublikası Azərbaycan SSR tərkibində, Abxaziya Muxtar Sovet Sosialist Respublikası və Cənubi Osetiya Muxtar Vilayəti isə Gürcüstan SSR daxilində muxtariyyət aldı. Formal muxtariyyət hüquqlarına baxmayaraq real hakimiyyət mərkəzdə cəmlənmişdi və milli məsələlər tam həll olunmamış qalırdı. 1988-ci ildən etibarən milli münaqişələr, xüsusilə Qarabağ məsələsi yenidən alovlandı və 1991-ci ildə SSRİ dağıldıqdan sonra keçmiş inzibati sərhədlər beynəlxalq dövlət sərhədlərinə çevrilərək regionda silahlı qarşıdurmaların əsasını təşkil etdi.
Məruzə interaktiv formada keçirilmişdir, çoxsaylı keyslərdən nümunələr gətirilmişdir. Sonda tələbələrin sualları cavablandırılmışdır.