BDU-nun Tarix fakültəsində “İbtidai incəsənət” mövzusunda dəyirmi masa olmuşdur.
Bakı Dövlət Universitetinin Tarix fakültəsində Tələbə Elmi Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Gənc arxeoloq” elmi dərnəyinin fəaliyyət planına uyğun olaraq “İbtidai incəsənət” mövzusunda dəyirmi masa olmuşdur. Dəyirmi masada AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunun Paleoincəsənət Araşdırma Mərkəzinin UNESCO Qayaüstü İncəsənət Abidələri layihəsinin məsləhətçisi, tarix elmləri doktoru Məlahət Novruz qızı Fərəcovanın “Qobustan petroqlifləri” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi dünyadakı qayaüstü təsvirlər, Azərbaycan petroqliflərinin coğrafi icmalı, onların mövzu və süjetinə görə təsnifatı haqqında qısa məlumat verərək, əsasən, Qobustan peteroqlifləri barədə çıxış etmişdir. Qayaüstü incəsənət obyektlərinin öyrənilməsi və sənədləşdirilməsində müasir texnologiyaların – rəqəmsal məlumat bazasının, 3D modellərinin yaradılması, yeni proqramların mənimsənilməsinin böyük rol oynadığını vurğulayan məruzəçi Qobustanda 2015-ci ildən qayaüstü təsvirlərin öyrənilməsi və mənasının aydınlaşdırılması sahəsində 3D StudioMax proqramı ilə işlərə başlanıldığını bildirdi. Bu da Qobustan sakinlərinin qədim inancları, adət və ayinlərinin, həmçinin qayaüstü təsvirlərin mədəni-tarixi interpretasiyasını yaratmaq işini həm asanlaşdırmış, həm də gerçəkləşdirmişdir. Qeyri-ənənəvi, animasiya fraqmentlərinin interpretasiyası üsulunun tətbiqi qayaüstü təsvirlərdə fiqurların dinamikasını, hərəkətini və yerdəyişməsinin ötürülməsini öyrənməyə imkan vermişdir.
Dəyirmi masada BDU Arxeologiya və Etnoqrafiya kafedrasının dosenti İradə Avşarova da çıxış edərək “İbtidai incəsənət”, onun mənşəyi, qayaüstü təsvirlərin tipologiyası, semantikası ilə bağlı mülahizələrini diqqətə çatdırmışdır.
Tədbirdə Tələbə Elmi Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Gənc arxeoloq” elmi dərnəyinin üzvləri, eləcə də kafedra müəllimləri iştirak etmişlər. Tələbə və magistrantların sualları cavablandırılmış, arxeologiyaya, bəşəriyyətin erkən çağlarına, ibtidai incəsənətə maraq göstərən gənclərə məsləhətlər verilmişdir.