BDU-nun əlaçı məzunu: Burada oxumaq hər zaman mənim üçün qürurdur
Ökənin ali təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetini (BDU) bu il 5963 tələbə bitirib. BDU-nun onların təhsil həyatındakı rolu və gələcək akademik və peşə fəaliyyətlərinə təsiri barədə 2020-2021-ci tədris ilini yüksək müvəffəqiyyətlə başa vuran magistr məzunlarla söhbət etdik. Magistrlər tələbəlik xatirələri və Universitetin onların həyatında necə iz qoyduğu haqqında öz təəssüratlarını bizimlə bölüşdü.
Tarix fakültəsinin məzunu Nigar Abdulzadə: “Hələ orta məktəbdə oxuyarkən dərsliklərimin ilk səhifələrinə BDU yazdığımı xatırlayıram. Hansı ixtisasa yiyələnmək istədiyimə tam qərar verməmişdim, lakin o ixtisasa harada yiyələnəcəyim mənim üçün hələ o yaşlarımdan müəyyən idi. Mən qarşıma qoyduğum hədəfim üçün çox çalışıb, 2015-ci ildə Tarix fakültəsinə qəbul olundum və Fərqlənmə diplomu alaraq bakalavr təhsilimi uğurla başa vurdum. Məzun olduğum il magistraturaya qəbul olaraq, ali təhsilimi yenə BDU-da davam etdirmək qərarına gəldim və budur, fakültə birincisi olaraq bu dəfə də uğur əldə etdim. Tələbəlik ömrün ən unudulmaz illərindəndir. Mən BDU-da təhsil aldığım hər gün bu duyğunu qəlbdən hiss etdim. Qapısından içəri keçdiyim hər gün daşına-divarına ilk günkü kimi heyrətlə və fəxrlə baxdığım yer oldu. Mən bu əzəmətli məkanda ədalətli müəllimlər tanıdım, onlardan öyrəndim, gələcəkdə onlar kimi olmağı özümə hədəf seçdim. Beləliklə, BDU mənim biliyimin, dünyagörüşümün, bir şəxsiyyət kimi mənəvi keyfiyyətlərimin daha da zənginləşməsi üçün əvəzedilməz yerə çevrildi. Əgər məndən bu gün xoşbəxt tələbəliyin sirrini soruşsalar, heç düşünmədən belə cavablaram: “Sevərək seçdiyiniz ixtisasda və təhsil ocağında təhsil alın! Çünki bu, həyatın elə bir mərhələsidir ki, hər nə qədər çətinliklə üzləşsəniz də, öz seçimlərinizdən güc alıb, mübarizə apardığınız müddətdə sizi heç nə yora, peşman edə bilməz. Əskinə, bu yolda çəkilən hər əziyyət sizin üçün daha xoş olar”. Fəxr edirəm, çünki əldə etdiyim hər uğurumda daim BDU-nu hörmətlə, gülümsəyərək və səmimi qəlbdən gələn sonsuz minnətdarlıq hissi ilə yad edəcəyəm. Təşəkkür edirəm, BDU, mənə insanın öz seçimlərindən daha dəyərli heç nə olmadığını bir daha sübut etdiyin üçün!”