BDU-NUN DOSENTİ ŞUŞA MÖVZUSUNDA MƏRUZƏ EDİB
2022-ci il martın 28-də Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Dünya azərbaycanlıları: tarixi-demoqrafiya elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, dosent Səidə Quliyeva Türkiyə Cümhuriyyətinin Malatya İnönü Universitetində Gənc tarixçilər topluluğunun təşkilatçılığı ilə “Şuşa şəhəri inzibati, mədəni və mücadilə mərkəzi kimi” mövzusunda konfransda onlayn məruzə edib. Konfransı giriş sözü ilə açan Türk tarix topluluğunun rəhbəri dosent Fatma İnce təşkil etdikləri növbəti konfransın mövzusu və məruzəçi barədə məlumat verib.
Dosent Səidə Quliyeva “Şuşa şəhəri inzibati, mədəni və mücadilə mərkəzi kimi” mövzusunda ətraflı məruzə ilə çıxış edib. Məruzəçi çıxışının əvvəlində məruzəni Vətən uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsinə, həmçinin Şuşa şəhərinin yaradılmasının 270 illik yubileyinə, Xan qızı Natəvanın anadan olmasının 190 illiyinə və 2022-ci ilin Azərbaycanda “Şuşa ili” elan edilməsinə həsr olunduğunu bildirib.
O, çıxışında Qarabağ xanlığının yaranması və Şuşa şəhərinin salınması, müxtəlif tarixi dövrlərdə şəhərin inzibati və siyasi mərkəz kimi rolundan danışıb. Təqdim etdiyi foto-materiallar əsasında Şuşanın mədəni həyatı, tanınmış elm və mədəniyyət xadimləri, dövlət adamları barədə məlumat verib, Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı olmasının əsaslarını göstərib. Məruzəçi daha sonra Azərbaycan xalqının 1905-1906, 1918-1920, 1988-1992 və 2020-ci il döyüşləri zamanı erməni millətçilərinə qarşı mübarizəsində Şuşa şəhərinin rolu, Vətən müharibəsi və Şuşa əməliyyatı haqqında danışıb. Azərbaycan xalqının erməni millətçilərinin həyata keçirtdiyi etnik təmizləmə və soyqırımlarına qarşı mübarizəsində Şuşa şəhərinin mühüm mərkəz olmasını tutarlı faktlarla əsaslandırıb. Mədəniyyət beşiyi olan Şuşa şəhərinin eyni zamanda Azərbaycan xalqının separatizmə, soyqırım və etnik təmizləmə, terrora qarşı mübarizəsinin mərkəzi olduğunu vurğulayıb. Çıxış zamanı Şuşanın dağıdılmış abidələri və quruculuq prosesini, o cümlədən 2021-ci ildə Şuşada keçirilən siyasi və mədəni tədbirləri əks etdirən fotolar nümayiş etdirilib.
Sonda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.