BDU-nun dosenti Aydın Məmmədov Türkiyədə keçirilən panel konfranslarda iştirak etmişdir.
Bakı Dövlət Universiteti, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Türkiyənin Anadolu Universiteti və Eskişehir-Azərbaycan Dərnəyinin birgə təşkilatçılığı, Azərbaycanın Türkiyədəki səfirliyinin tərəfdaşlığı ilə aprelin 9-da İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetində, aprelin 11-də Eskişehir şəhərində yerləşən Anadolu Universitetində “Erməni problemi və XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırım və sürgünlər” mövzusunda panel-konfranslar keçirilib.
Tədbirlər Türkiyə və Azərbaycan Dövlət himlərinin səsləndirilməsi və soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbir moderatoru, Anadolu Universitetinin Heydər Əliyev Tətbiq və Tədqiqat Mərkəzinin müdiri, professor Burhan Sayılır iştirakçıları salamlayıb və konfrans barədə məlumat verib.
Açılış nitqləri ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova və Eskişehir-Azərbaycan Dərnəyinin sədri Cavid Aydın çıxış ediblər. Nitqlərdə XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımların tarixi faktlarla dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi vurğulanıb.
Tədbirin panel müzakirələrində Anadolu Universitetinin Hüquq fakültəsinin professoru Gökhan Güneysu və BDU-nun Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti Aydın Məmmədov təqdimatla çıxış edib. Məruzələrdə XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımların tarixi sənədlər və arxiv materialları əsasında təhlili aparılıb, hadisələrin səbəbləri və nəticələri elmi əsaslarla izah olunub.
Tədbir mövzu ilə bağlı sual-cavab sessiyası ilə davam edib.