“BDU könüllüləri” təşkilatının birgə təşəbbüsü ilə “Qərarsız qalmaqdan azad ol” adlı psixoloji təlim həyata keçirilib
25 aprel tarixində Tarix fakültəsinin və “BDU könüllüləri” təşkilatının birgə təşəbbüsü ilə “Qərarsız qalmaqdan azad ol” adlı psixoloji təlim həyata keçirilib.
Təlimin əsas məqsədi tələbələrin qərarvermə qabiliyyətlərini inkişaf etdirmək, onlara çətin vəziyyətlərdə düzgün seçim etmə bacarığı qazandırmaq və bu prosesdə qarşıya çıxan psixoloji maneələrin öhdəsindən gəlmə yollarını göstərmək idi. Tədbir peşəkar psixoloq Ofeliya Əliyeva tərəfindən aparılıb. Təlim interaktiv formatda keçirilib, həmçinin iştirakçılarla açıq müzakirələr və özünü kəşf etməyə yönəlik psixoloji texnikalar həyata keçirilib.
Təlim boyunca tələbələr gündəlik həyatlarında qarşılaşdıqları qərarsızlıq hallarını paylaşıblar və bu halların yaranma səbəbləri, arxasında duran emosional faktorlar barədə ətraflı məlumat alıblar. Psixoloq tərəfindən təqdim edilən yanaşmalar vasitəsilə iştirakçılar öz daxili dünyalarına nəzər salaraq, qarşılaşdıqları çətinliklərə fərqli bucaqdan yanaşmağı öyrəniblər.
Tədbirin sonunda isə sual-cavab sessiyası keçirilib. Tələbələr onları maraqlandıran mövzular üzrə psixoloqa müraciət ediblər və şəxsiyyətin formalaşması, qərarvermə mexanizmləri, özgüvənin artırılması kimi məsələlər ətrafında dəyərli tövsiyələr əldə ediblər. Təlimin sonunda iştirakçılara psixoloji dəstək resursları və əlavə ədəbiyyatlar da tövsiyə olunub.