BDU KOMANDASI “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ TƏŞKİL EDİLƏN İDMAN YARIŞLARINDA UĞURLARINA GÖRƏ TƏLTİF OLUNUB
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələri arasında 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.
Tədbirdə Bakı Dövlət Universitetinin (BDU) Həmkarlar İttifaqı Komitəsinin sədri, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müəllimi Rəşad Cabarov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tərəfindən kubokla təltif edilib.
Qeyd edək ki, Tarix fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Elnur Əbilov, akademik məsləhətçi Anar Həmidov və Arxeologiya və etnoqrafiya kafedrasının nəzdində fəaliyyət göstərən "Azərbaycanın maddi-mədəniyyət tarixi" ETL-nin laborantı Anar Cəfərov da təltif olunan əmakdaşlar sırasında olmuşlar.
Həmçinin BDU komandası Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Spartakiadada I yer tutduğuna və digər uğurlarına görə təltif edilib.