BDU-da Tarixi Abidələrin Mühafizəsi Günü qeyd olunub
Bakı Dövlət Universitetində (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə 18 Aprel – Tarixi Abidələrin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirilib. BDU-nun Tarix fakültəsinin dekan müavini dosent Bəxtiyar Nəbiyev tədbiri giriş sözü ilə açaraq bu günün qeyd olunmasının tarixi barədə məlumat verib, ölkə başçısı İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin mühafizəsi və regional və beynəlxalq çərçivədə təbliğindən bəhs edib.
Sonra Tarix fakültəsinin dekanı vəzifəsini icra edən İbrahim Zeynalov çıxış edərək son illərdə ölkəmizdə tarixi abidələrin bərpası və qorunması istiqamətində layihələrin icra olunmasından, abidələrin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricdə gördüyü işlərdən danışıb.
Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının dosenti, tarix elmləri doktoru Tarix Dostiyev məruzə ilə çıxış edərək ölkəmizdə yaşı əsrlərlə və minilliklərlə ölçülən tarixi abidələrimizin, Azıx mağarasından tapılmış alt çənə sümüyü, Qobustan, Tağlar, Damcılı qədim yaşayış məskənlərinin olmasını təsdiqləyən elementlər haqqında məlumat verib.
Sonda çıxış edən BDU-nun tarixi muzeyinin əməkdaşı Arzu Əkbərova BDU-nun nəzdində fəaliyyət göstərən muzeylərdə saxlanılar tarixi eksponatlar haqqında məlumat verib.