BDU-da “Azərbaycan Xalq Cümhuriyyəti tarixi tədqiqatlarda” mövzusunda Respublika elmi konfransı öz işinə başlayıb
Bu gün Bakı Dövlət Universitetində (BDU) 28 may - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti tarixi tədqiqatlarda” mövzusunda Respublika elmi konfransı keçirilib.
Konfransın plenar iclasında BDU-nun rektoru Elçin Babayev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın müstəqillik tarixinin ən şanlı səhifələrindən biri olduğunu bildirib. Qeyd edib ki, cəmi 23 ay yaşamasına baxmayaraq, respublika milli dövlətçilik sahəsində bir sıra zəruri tədbirlər həyata keçirməklə, Azərbaycanı beynəlxalq səviyyədə tanıtdırmağa nail olmuş, həyata keçirilən tədbirlərlə müstəqil dövlətçiliyimizin gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm addımlar atmışdır.
Rektor AXC dövründə elm və təhsilin inkişafı sahəsində atılmış addımlar haqqında geniş məlumat verib, BDU-nun təsis olunmasından və onun milli kadrların hazırlanmasında əvəzsiz töhfələrindən bəhs edib. Bildirib ki, çox mürəkkəb və ziddiyyətli tarixi şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Xalq Cümhuriyyətinin əsas fəaliyyət istiqamətlərindən biri elm və təhsil siyasəti ilə bağlı olmuşdur. AXC hökumətinin bu sahədə həyata keçirdiyi siyasətin araşdırılması, ölkəmizdə elm və təhsilin inkişafı tarixinin öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.
E.Babayev çıxışında bildirmişdir ki, xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək qiymət vermiş, bu tarixi hadisənin xalqımızın taleyində müstəsna rol oynadığını qeyd etmişdir. Ulu Öndər Heydər Əliyev hələ ölkəmiz müstəqilliyini əldə etməmişdən öncə böyük cəsarət nümayiş etdirərək AXC-nin dövlət rəmzlərini - üçrəngli bayrağımızı və gerbimizi Naxçıvan Muxtar Respublikanın dövlət rəmzləri kimi təsdiq etdirmişdir. Bu, olduqca qətiyyətli və uzaqgörən bir addım idi.
Daha sonra BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, Milli Məclisinin deputatı Nizami Cəfərov “Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasəti”, Milli Məclisinin deputatı Cavid Osmanov “Azərbaycan Xalq Cümhuriyyətinin idarəetmə sistemi”, BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev “Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan tarixində yeri və rolu”, BDU-nun Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının professoru Xəyyam İsmayılov “Azərbaycan Xalq Cumhuriyyətinin hüquq sisteminin inkişafı məsələləri”, BDU-nun Beynəlxalq münasibətlər kafedrasının müəllimi Eldar Cəfərov “Azərbaycam Xalq Cümhuriyyətinin beynəlxalq münasibətlərdə uğurları” mövzusunda məruzə ilə çıxış ediblər.
Plenar iclasına 500-dən artıq iştirakçı qatılıb.
Konfrans öz işini bölmə islaslarında davam etdirib. 27 may tarixində bölmə iclasları davam etdiriləcək.