BDU-DA AZƏRBAYCAN GƏNCLƏRİ GÜNÜ QEYD OLUNUB
Bakı Dövlət Universitetində (BDU) 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, gənclər hər bir xalqın xoşbəxt gələcəyə olan ümidi, cəmiyyətin dinamik, hərəkətverici, fəal hissəsidir. Azərbaycan gəncliyi isə həm də xalqımızın Zəfər tarixini öz qanı, canı ilə yazan gənclikdir. 27 il bundan öncə Ulu Öndərin imzaladığı Fərmanla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü kimi təntənəli şəkildə qeyd edilir. Bütün dünyaya nümunə olan bu addımdan xeyli sonra BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust Beynəlxalq Gənclər Günü elan olunub. Məhz Ümummilli Liderin müdrikliyi və uzaqgörənliyi sayəsində dövlətimizin gənclər siyasətinin zəruri qanunvericilik bazası yaradılıb, gənclərin sosial, iqtisadi, təhsil və digər problemlərinin həllinə yönəlmiş fərman və sərəncamlar, qanunlar qəbul edilib. Bütün bunlar gənc nəslin cəmiyyətdə mütəşəkkil qüvvəyə çevrilməsində, ictimai fəallığının yüksəldilməsində, dövlət idarəçiliyinə cəlb edilməsində və məşğulluğunun təmin olunmasında mühüm rol oynayıb.
Tədbirdə BDU-nun 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” müsabiqəsinin qalibləri elan olunub. Daha sonra tədris göstəricilərinə görə fərqlənən və BDU-nun ictimai həyatında fəal iştirak edən 34 tələbəyə, BDU-nun gənclər təşkilatlarının 20 üzvünə təşəkkürnamələr təqdim olunub. Tarix fakültəsinin tələbələri də təltif edilənlər sırasında olub.
Tədbir BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.
Tədbirin sonunda BDU-nun Vətən müharibəsində şəhid olmuş tələbə və məzunlarının xatirəsinə həsr olunmuş lövhənin qarşısına əklil qoyulub. Məlumat lövhəsi BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə yaradılıb.