Bakı Dövlət Universitetində qış imtahan sessiyası uğurla davam edir
Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti Aydın Məmmədov: “Son dövrlərdə qlobal miqyasda yayılan pandemiya bizi müasir dünyada sürətlə baş verən dəyişikliklərin yeni reallıqları ilə üz-üzə qoydu. Bu isə, həyatımızı, o cümlədən hər zaman bütün ictimai proses və dəyişikliklərin önündə gedən təhsilin yeni şəraitə, tələblərə uyğun surətdə qurulması zərurətini gündəmə gətirdi. Onlayn dərslər zamanı müxtəlif fənlər üzrə mühazirə və məşğələlərin yeni texnoloji tələblərə cavab verən tematik-təqvim planı üzrə məqsədyönlü şəkildə ardıcıl və sistematik təşkili, tələbələrin yeni öyrədici mühitə maraq və məsuliyyətinin artırılması üçün ən optimal metodların tətbiqini zərurətə çevirdi. Belə hesab edirəm ki, BDU-nun müəllimləri bu işin öhdəsindən uğurla gələ bildilər. İmtahan sessiyası hələ təzə başlayıb, lakin təhsilin distant şəkildə təşkil olunduğu 3 semestrdən sonra ənənəvi imtahanda tələbələrin yaradıcı, tənqidi və məntiqi təfəkkürə əsaslanaraq yüksək nəticələr əldə edə bilmələri belə düşünməyə əsas verir. Tələbələrin imtahan prosesində suallara konkret faktoloji materiallar, o cümlədən analiz, sintez, müqayisə, ümumiləşdirmə, qismən və tam təcridi sistemləşdirmə, abstraksiya, təsnifatlaşdırma kimi zəruri məntiqi əməliyyatlardan yetərincə faydalana bilmələri distant təhsil zamanı öyrədən və öyrənən tərəflərin işə ciddi, peşəkar və yüksək məsuliyyətlə yanaşmasını bir daha təsdiq edir. Tələbələr imtahan suallarını cavablandırarkən problemə səbəb-nəticə əlaqələrinə istinadən elmi-analitik yanaşma, o cümlədən fikrini hadisə və prosesləri təhlil edərək əsaslandıra bilmələri ilə diqqəti cəlb edirlər. Bu isə, tələbələrin dərin biliklərə malik olduqlarını əyani şəkildə təsdiq edir”.
Müsahibəni hazırladı:
Nərminə Əsədova
Gülabə Məmmədzadə