Azıx və Tağlar mağara düşərgələrində tədqiqat aparan paleolitşünas arxeoloqlarla görüş keçirilib.
11 dekabr 2024-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində fəaliyyət göstərən “Gənc arxeoloq” elmi dərnəyinin fəaliyyət planına uyğun keçirilən, Qarabağın paleolit abidələrinin son illərdəki tədqiqatlarının nəticələrinə həsr olunmuş Dəyirmi masa olmuşdur. Dəyirmi masada Azıx və Tağlar mağara düşərgələrində tədqiqat aparan paleolitşünas arxeoloqlar AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, dos., t.ü.f.d. Azad Zeynaov və böyük elmi işçi, t.ü.f.d. Yaqub Məmmədovla yüksək səviyyəli məruzələrlə çıxış etmişlər. Çıxışlarında Azərbaycanın qədim və zəngin mədəni irsinin öyrənilməsində arxeologiya elminin əhəmiyyətindən bəhs edən natiqlər erməni işğalı dövründə Qarabağın arxeoloji irsinə qeyri-qanuni müdaxilə və saxtalaşdırmaları ifşa etmiş, II Qarabağ müharibəsində Azərbaycan Ordusunun şanlı qələbədən sonra Azərbaycan arxeoloqlarının əcnəbi həmkarları ilə əməkdaşlıqda Azıx və Tağlar mağara düşərgələrində müasir tələblər səviyyəsində tədqiqatlara başlanılması, bu abidələrin UNESCO-nun Dünyanın irsi siyahısına daxil edilməsi üzrə görülən tədbirlər haqqında tələbə və magistranlara məlumat vermişlər. Tədbirdə “Gənc arxeoloq” elmi dərnəyinin 32 nəfər üzvü - tələbə və magistrantlar iştirak etmişlər. Paleolitşünas arxeoloqlar tələbə və magistrantların suallarını cavablandırmış, arxeologiyaya, bəşəriyyətin ulu keçmişinə, insanın yaranması, maddi mədəniyyət kateqoriyalarının meydana gəlməsi, ibtidai insanların həyat mənzərəsinin bərpası problemlərinə maraq göstərən gənclərə məsləhətlər vermişlər.