“Azərbaycan xalqının milli dövlətçilik tarixində Heydər Əliyev zirvəsi” mövzusunda Respublika elmi konfransı keçirilmişdir
Azərbaycan Respublikası prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 tarixli sərəncamı və Bakı Dövlət Universiteti rektorunun 2023-cü il 23 yanvar tarixli R-04 nömrəli əmri ilə təsdiq edilmiş tədbirlər planına uygun olaraq, “Heydər Əliyev ili” çərçivəsində 5 may 2023-cü il tarixdə Tarix fakültəsinin Türk xalqları tarixi kafedrasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan xalqının milli dövlətçilik tarixində Heydər Əliyev zirvəsi” mövzusunda respublika elmi konfransı keçirilmişdir. Konfransda Azərbaycanın elmi və ali təhsil müəssisələrində çalışan alimlər, araşdırmaçılar, professor-müəllim heyəti, həmçinin doktorant və dissertantlar, BDU SABAH Qruplarının tələbələri iştirak etmişlər. Müzakirələr aşağıdakı mövzular ətrafında aparılmışdır:
- Heydər Əliyev şəxsiyyəti: zamandan uca insan
- Azərbaycan xalqının milli dövlətçilik tarixində Heydər Əliyev şəxsiyyətinin yeri və rolu
- Türk dünyasıdaxili inteqrasiya prosesləri və Heydər Əliyev
- Heydər Əliyev və Bakı Dövlət Universiteti
Konfransın plenar iclasında Azərbaycan Respublikası Milli Məclisinin komitə sədri Sadiq Qurbanov, AMEA Rəyasət Heyəti aparatı Elmi irs şöbəsinin müdiri Zemfira Hacıyeva, AMEA Tarix institunun əməkdaşı tarix üzrə fəlsəfə doktoru İlham Həsənov, BDU-nun fakültə dekanları da iştirak etmişlər. Plenar iclasda ilk olaraq Azərbaycan himni dinlənilmiş, ardınca Ulu öndər və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılmış, daha sonra Ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx izlənilmişdir. Daha sonra açılış nitqi üçün soz Tarix fakültəsinin dekanı tarix elmləri doktoru, professor İbrahim Zeynalova verilmişdir. O, konfrans iştirakçılarını və qonaqları salamladıqdan sonra keçirilən konfransın əhəmiyyətindən danışmış, həmçinin “Heydər Əliyev ili” çərçivəsində fakültədə keçirilmiş və keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında məlumat vermişdir. Plenar iclasda daha sonra protokol çıxışları (Qafqaz tarixi kafedrasının professoru Qabil Əliyev; Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri, dosent Azad Rzayev; Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti Ələmdar Şahverdiyev), AR Milli Məclisinin komitə sədri Sadiq Qurbanovun “Heydər Əliyev: zamandan uca insan” və Bakı Dövlət Universiteti Türk xalqları tarixi kafedrasının müdiri professor Əsməd Muxtarovanın “Heydər Əliyevdən “Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnala gələn yol” mövzusunda məruzələri dinlənilmişdir. İclasda həmçinin Bakı Dövlət Universiteti Türk xalqları tarixi kafedrasının dosenti Sənubər İsmayılovanın Heydər Əliyevə həsr etdiyi “Atam Heydərim”, Tarix fakültəsinin I kurs tələbəsi Leyla Laçınovanın rus şairi A.Fomenkonun H.Əliyevə həsr etdiyi “Heydər haqqında əfsanə” şeirləri səsləndirilmişdir. Daha sonra konfrans işini bölmə iclaslarında davam etdirmişdir. Bölmə iclaslarında Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşlarının, həmçinin Bakı Dövlət Universiteti SABAH Qrupları tələbələrinin məruzələri dinlənilmiş, məruzəçilərə iştirakçı sertifikatları təqdim edilmişdir. Sonda bölmə rəhbərlərinin hesabatları dinlənilmiş, konfransın işi yekunlaşdırılmışdır. Konfransda dinlənilən məruzələr “Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnalın 2023-cü il tarixli 2-ci sayında nəşr edilmişlər (http://mamedov.co/storage/files/37/Tarix%20v%C9%99%20Onun%20probleml%C9%99ri%20jurnal/TOP_N2_2023_yubiley.pdf).
Konfransın keçirilməsində BDU Tarix fakültəsi Tələbə Elmi Cəmiyyətinin üzvləri, magistrantlar və SABAH Qrupları tələbələri sırasından seçilmiş könüllülər xüsusi fəallıq göstərmişlər. Konfransdan sonra onlar da konfransın təşkilində və keçirilməsində fəallığa görə təşəkkürnamə ilə təltif edilmişlər.