“Azərbaycanın beynəlxalq ticarət əlaqələri (XV əsr)" mövzusunda elmi seminar keçirilmişdir.
26 noyabr 2024-cü ildə saat 14:00-da Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Azərbaycanın beynəlxalq ticarət əlaqələri (XV əsr)" mövzusunda elmi seminar keçirilmişdir.
Seminar iştirakçılarını salamlayan Tarix fakültəsinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mehman Abdullayev bildirdi ki, XV əsrdə Azərbaycanın beynəlxalq ticarət əlaqələrinin öyrənilməsi baxımından kafedramızın dosenti Almas Cavadovanın təqdim etdiyi "Azərbaycanın beynəlxalq ticarət əlaqələri (XV əsr)” adlı mövzusu böyük elmi aktuallıq kəsb edir.
Elmi seminarda Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının dosenti Almas Cavadova eyni adlı məruzə ilə çox məzmunlu çıxış etdi. O, çıxışında Osmanlı dövlətinin mühüm ticarət mərkəzlərində ticarət edən Azərbaycandan olan tacirlərin fəaliyyəti haqda, həmçinin Qara və Aralıq dənizləri ticarət mərkəzlərindəki alqı-satqı əməliyyatları haqda mənbələrdəki fakt və məlumatlara əsaslanaraq gəldiyi mühüm elmi nəticələri seminar iştirakçılarının diqqətinə çatdırdı.
Məruzədə qeyd edildi ki, XV əsrdə Osmanlı imperiyasının Şərq və Qərb istiqamətində işğalçılıq siyasəti yeritməsinə baxmayaraq, bu bölgənin mühüm ticarət mərkəzləri Azərbaycanın Qərbi Avropa dövlətləri ilə ticarət əlaqələrində əhəmiyyətli rol oynayırdı. Məruzədə Osmanlı imperiyasının müxtəlif ticarət mərkəzlərində azərbaycanlı tacirlərin ticarət fəaliyyətləri, həmçinin onların bu ticarət mərkəzlərində istər yerli və istərsə də xarici ölkə tacirləri ilə ticarət əlaqələri, mühüm alqı-satqı xammalı olan Azərbaycan xam ipəyinin beynəlxalq ticarətdə əhəmiyyəti, qiymətli əmtəə olması, İstanbul Dövlət Arxivlərində saxlanılan «Mühümmə dəftərləri», «Məhkəmə», «Sicil», «Tərəkə dəftərləri»ndə və digər sənədlərdə Azərbaycandan olan tacirlərin Osmanlı ticarət mərkəzlərindəki fəaliyyətinin müəyyən edilməsi, Venesiya taciri Cakomo Badoerin tərtib etdiyi və 1956-cı ildə İtaliya alimləri Dorini və Bertele tərəfindən nəşr edilmiş «Ticarət kitab»ında Azərbaycan tacirlərinin Qara dəniz ətrafı ticarət mərkəzlərindəki fəaliyyəti və alqı-satqı prosesində xam ipəyin əhəmiyyətli rolunun müəyyən edilməsi kimi məsələlərə əsas diqqət yetirilmişdir.
Seminarda Tarix fakültəsinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri dosent Mehman Abdullayev, Arxeologiya və etnoqrafiya kafedrasının müdiri t.e.d. Tarix Dostiyev, dosent Bəymirzə Şabiyev, dosent Ülviyyə İbrahimova, Maddi mədəniyyət laboratoriyasının işçisi bərpaçı Arzu Abbasova, elmi işçi İlham Məmmədov məruzədə irəli sürülən məsələlərə öz münasibətlərini bildirdilər. Seminar iştirakçısı olan fakültə müəllimləri, laboratoriyanın elmi işçiləri və doktorantlar mövzu haqqında elmi cəhətdən mühüm bilgilər əldə etdilər.