"Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin müsəlman ruhaniliyinə dair siyasəti" mövzusunda elmi seminar keçirilmişdir.
03 may 2024-cü ildə saat 14:00-da Bakı Dövlət Universitetinin Tarix fakültəsində "Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin müsəlman ruhaniliyinə dair siyasəti" mövzusunda elmi seminar keçirilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumətin dini fəaliyyəti və hökumətin müsəlman ruhaniliyinə dair siyasətinin tədqiq edilməsi mühüm əhəmiyyət kəsb edir. İslam müstəqil dövlətçiliyin ideoloji mənəvi əsaslarından biri olaraq aktual mövzulardan hesab edilir. AXC dövründə Dini Etiqad Nazirliyinin fəaliyyəti, bununla da vahid dini idarənin yaradılması və din xadimlərinin milli ordudakı fəaliyyəti, eyni zamanda hökumətdəki yeri və rolu müəyyən edilmişdir. Bununla yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin hökumət nümayəndələrinin qeyri müsəlman əhaliyə qarşı münasibətinin öyrənilməsi, tolerantlıq prinsiplərinin müəyyən edilməsi mühüm elmi əhəmiyyət kəsb edir.
Seminar iştirakçılarını salamlayan Tarix fakültəsinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mehman Abdullayev bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumətin dini siyasəti istiqamətindəki faəliyyətinin araşdırılması baxımından kafedramızın dosenti Rəsul Hüseynlinin təqdim etdiyi "Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin müsəlman ruhaniliyinə dair siyasəti" adlı mövzusu böyük elmi aktuallıq kəsb edir.
Elmi seminarda Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının dosenti Rəsul Hüseynli eyni adlı məruzə ilə çox məzmunlu çıxış etdi. O, çıxışında AXC dövründə Dini Etiqad Nazirliyi, vahid dini idarənin yaradılması və din xadimlərinin fəaliyyətinin əvvəlki və sonrakı dövrləri ilə oxşar və fərqli cəhətlərini göstərərək müqayisəli təhlillər aparmaqla gəldiyi mühüm elmi nəticələri seminar iştirakçılarının diqqətinə çatdırdı.
Seminarda Tarix fakültəsinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının professoru Sevda Süleymanova, dosenti Yunis Nəsibli, müəllim Zəhra İslamova məruzədə irəli sürülən məsələlərə öz münasibətlərini bildirdilər. Seminar iştirakçısı olan fakültə müəllimləri, magistrlar, laboratoriyanın elmi işçiləri və tələbələr mövzu haqqında elmi cəhətdən mühüm bilgilər əldə etdilər.