Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasında “Azərbaycan türklərinin təşəkkül tarixi: gerçəkliklər və saxtalaşdırmalar” mövzusunda ustad dərsi keçirilmişdir
-lg.jpg)
15 aprel 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Tarix fakultəsinin magistrantları üçün Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Arzu Məmmədovanın “Azərbaycan türklərinin təşəkkül tarixi: gerçəkliklər və saxtalaşdırmalar” mövzusunda ustad dərsi keçirilmişdir. Ustad dərsində Tarix fakültəsinin dekan müavini, dosent Kəmalə Nəcəfova, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev, Tarix fakultəsinin II kurs magistrantları iştirak edirdilər.
Tədbiri açıq elan edən Tarix fakültəsinin dekan müavini Kəmalə Nəcəfova etnogenez məsələsinə həsr olunmuş ustad dərsinin təşkilinin əhəmiyyətindən danışdı və dərsin başladığını elan etdi.
Məruzəçi t.ü.f.d. Arzu Məmmədova dərsin mövzunun açıqlamasını 3 istiqamətdə qurmuşdu: 1. Müasir elmdə etnogenez problemi nədir və mövcud olan elmi nəzəriyyələr; 2. Azərbaycanda xalqın təşəkkül prosesi və tarixşünaslıqda bu məsələyə yanaşmalar; 3. Təşəkkül prosesinin tarixşünaslıqda saxtalaşdırılmasına səbəb olan faktorlar.
Ustad dərsində slaydlar əsasında məruzəçi bu 3 istiqaməti bir-birilə əlaqələndirdi və təşəkkül prosesinin mahiyyətini ətraflı şəkildə açıqladı. Etnos, xalq, millət anlayışlarının necə formalaşmasından və identikliyi yaradan faktorlardan bəhs etdi. Azərbaycanın tarixi coğrafiyası ilə üzərində gedən etnosiyasi proseslərin təşəkkül prosesində oynadığı rolun üzərində xüsusi dayandı və mürəkkəb bir proses olan etnogenez prosesinin başlanğıc və tamamlanma nöqtələrini ətraflı şəkildə açıqladı. Tarixşünaslıqda ortaya çıxan nəzəriyyələrin real tarixi prosesi nə qədər əhatə etdiyi və bu nəzəriyyələrin ortaya çıxmasında iddeoloji faktorların üzərində xüsusi dayandı.
Arzu Məmmədova qeyd etdi ki, tarixşünaslıqda Azərbaycan türklərinin təşəkkülü məsələsində bu qədər çox qarışıqlıqların yaranması səbəbləri heç də real tarixi proseslərin mürəkkəbliyindən qaynaqlanmır, bu daha çox siyasi və ideoloji məsələlərin tarixə təsiri ilə əlaqəlidir. Bu səbəblər arasında məruzəçi, tarixi Azərbaycan torpaqlarının bu gün fərqli siyasi dövlət sistemlərinin tərkibində olması və həmin ərazilərin tarixinin həmin dövlətlərin tarixinə uyğunlaşdırılmasını, Rusiya imperiyası dövründə Osmanlı-Rusiya rəqabətinin, Sovet dövründə isə SSRİ-nin xarici siyasətdə qoyduğu hədəflərə çatmamasının ideologiya ilə daxildə tənzimlənməsini xüsusi olaraq qeyd etdi.
Tarix üzrə fəlsəfə doktoru Arzu Məmmədovanın “Azərbaycan türklərinin təşəkkül tarixi: gerçəkliklər və saxtalaşdırmalar” mövzusunda keçirdiyi ustad dərsi iştirakçılar tərəfindən böyük maraqla qarşılandı, diqqətlə dinlənildi. Mühazirə tamamlandıqdan sonra, dosent Mehman Abdullayev və dosent Kəmalə Nəcəfova mövzu ilə bağlı öz fikirlərini bölüşdülər, başlıca məsələlərə öz yanaşmalarını bildirdilər. Magistrantların ünvanladıqları suallar elmi əsaslara söykənərək cavablandırıldı. Müzakirələr yüksək akademik səviyyədə keçirildi.