Azərbaycan tarixi (təbiət fakültələr üzrə) nəzdində “Dünya azərbaycanlıları: tarixi-demoqrafiya” ETL-ində elmi seminar keçirilmişdir
-lg.jpg)
18 mart 2026-cı ildə Tarix fakültəsi, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının nəzdində fəaliyyət göstərən Dünya azərbaycanlıları: tarixi-demoqrafiya elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Hacıyev Asəf Adil oğlunun “Elm günü”nə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin AMEA ziyalıları ilə görüşü: tarix elmi qarşısında duran əsas hədəflər” mövzusunda növbəti elmi seminar kecirilmişdir. Elmi seminarı giriş sözü ilə Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev açaraq seminar mövzusunun əhəmiyyəti barədə danışdı. Sonra çıxış üçün söz alan Asəf Hacıyev Ümummilli lider Heydər Əliyevin iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyasının rəhbər heyəti, akademiyanın həqiqi və müxbir üzvləri, eləcə də respublikanın tanınmış alimləri ilə 31 yanvar 1997-ci il tarixində Prezident iqamətgahında keçirilən tarixi görüş barədə ətraflı məlumat verdi və bu görüşün Azərbaycan elminin, xüsusilə də ali dövlət elmi təşkilatı olan Elmlər Akademiyasının gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. O, həmçinin bu görüşün müstəqil Azərbaycan dövlətinin elm siyasətinin prioritet istiqamətlərinin formalaşdırılmasına, Elmlər Akademiyasının mövcud problemlərinin müəyyənləşdirilməsinə və onların həlli yollarının axtarılmasına həsr olunmuş ilk genişmiqyaslı müzakirələrdən biri kimi xüsusi tarixi əhəmiyyətə malik olduğunu qeyd etdi. A.Hacıyev daha sonra Ulu öndər Heydər Əliyevin görüşdə Azərbaycan tarixinin yenidən yazılmasının vacibliyini qeyd edərək, xüsusilə XIX-XX əsrlər Azərbaycan tarixinin daha dəqiq, daha düzgün, real sənədlər və arxiv materialları əsasında yazılmasını tarixçilər qarşısında bir vəzifə kimi qoyduğunu vurğuladı. Elmi seminarın sonunda mövzu ətrafında müzakirələr aparıldı.