Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir
20 sentyabr 2024-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin təşkilatçılığı ilə 2023-cü il 19-20 sentyabrda Azərbaycan Ordusunun Qarabağ İqtisadi Rayonunda həyata keçirdiyi antiterror əməliyyatının 1-ci ildönümünə və Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə universitetin fakültə dekanları, humanitar şöbənin rəhbəri R.O.Səmədov, Tarix fakültəsinin professor-müəllim heyəti, doktorantlar, magistrlar və tələbələr iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov tariximizdə mühüm rol oynayan bu mühüm hadisələrdən söz açmış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü ildə “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” sərəncam imzaladığını xüsusi qeyd edərək həmin sərəncamın məzmununu və əhəmiyyətini iştirakçıların diqqətinə çatdırdı. O, qeyd etdi ki, erməni işğalçıları BMT-nin Nizamnaməsinin qaydalarını kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətinə başlamış, hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. İnsanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz, mədəniyyət ocaqlarımız və tarixi abidələrimiz dağıdılmışdır. Erməni faşistlərinin bu vəhşilikləri, talanları, təxribatları və terrorları 30 ilə yaxın davam etmişdir.
Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il 27 sentyabrda başlanan 44 günlük “Vətən Müharibəsi”nin parlaq qələbəsi nəticəsində tarixi Azərbaycan torpaqları 30 illik işğaldan azad edilmişdir.
Fakültə dekanı 2023-cü il sentyabrın 19-da isə Azərbaycanın Qarabağ İqtisadi Rayonunda ermənilər tərəfindən törədilən geniş miqyaslı təxribatların qarşısının alınması və erməni silahlı qüvvələrinin qalıqlarının tərkisilah edilərək torpaqlarımızından çıxarılması, həmin ərazidə Azərbaycan Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə “Antiterror əməliyyatı” həyata keçirilmiş və cəmi 23 saat davam edən əməliyyat nəticəsində möhtəşəm qələbə əldə edilmiş və Azərbaycanın suverenliyi tam bərpa edilmişdir. Həmçinin Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycanın Dövlət Suverenliyinin tam bərpa edildiyini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2024-cü il sentyabr ayının 19-da hər il sentyabr ayının 20-də “Azərbaycanda Dövlət Suverenliyi Günü” kimi qeyd edilməsi haqqında sərəncam imzalamışdır.
Tədbirdə çıxış edən akademik Yaqub Mahmudov 2023-cü ilin sentyabrın 19-20-də 23 saatlıq antiterror tədbiri nəticəsində Azərbaycanın qazandığı qələbənin və bu qələbənin milli bayram günü kimi hər il qeyd edilməsinin əhəmiyyətini xüsusi olaraq diqqətə çatdırdı. O, çıxışında bu qələbənin təkcə Ermənistan deyil onun havadarları və dünya erməniliyi üzərində qazanıldığını, bir çox beynəlxalq qüvvələrin, xüsusilə Fransanın Azərbaycanın qələbəsini hələ də həzm edə bilmədiyini, Fransa başda olmaqla bir çox dövlətlərin Ermənistanı silahlandıraraq onu yeni müharibəyə təhrik etməyə çalışdığını göstərdi. Tədbirdə geniş məruzə ilə çıxış edən Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri dosent Mehman Abdullayev 2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi “Antiterror əməliyyatı” əsas səbəblərini sadaladı və ildırımsürətli əməliyyat nəticəsində Qarabağdakı erməni hərbi birləşmələrinin darmadağın edilməsi, Xocalı, Xocavənd, Ağdərə, Xankəndi və Əsgəran kimi şəhər və yaşayış məntəqələrimizin işğaldan azad edilməsi nəticəsində Azərbaycanın suverenliyinin və konstitusiya quruluşunun həmin ərazilərdə tamamilə bərpa edilməsinin əhəmiyyətindən danışdı. O, məruzəsində bu tədbir nəticəsində “Qarabağ məsələsinin” bitdiyini və Xankəndindəki cinayətkar hərbi xuntanın ləğv edildiyini diqqətə çatdıraraq, ərazisində münaqişə olan post-sovet Respublikaları içərisində Azərbaycanın ərazi bütövlüyünü təmin edən yeganə dövlət olduğunu xüsusi olaraq vurğuladı.