“AZƏRBAYCAN ALBANİYA DÖVLƏTİ: TARİX VƏ TARİXŞÜNASLIĞINA YENİ BAXIŞ” MÖVZUSUNDA NÖVBƏTİ ELMI SEMINAR
02.05.2023-cü il tarixində Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Qədim dünya və orta əsrlər tarixi kafedrasının təşəbbüsü ilə Azərbaycan Albaniya dövlətinin tarixinə və tarixşünaslığına həsr olunmuş elmi seminar keçirilib.
Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov Azərbaycan Albaniya dövlətinin tarixinin aktual olduğunu xüsusi qeyd edərək, tarixi keçmişimizin hər bir səhifəsinin öyrənilməsinin zəruriliyini və tarixçilərin öhdəsinə böyük məsuliyyət düşdüyünü xatırlatdı. Akademik bildirdi ki, Sovet hakimiyyəti illərində Azərbaycanın qədim dövr tarixi, o cümlədən Azərbaycan Albaniya dövlətinin tarixi xüsusi məqsədlə saxtalaşdırılmışdır.Həmin dövrün tədqiqatçılarının yanlış olaraq, ancaq Azərbaycan SSR ərazisi tarixi Albaniya ərazisi kimi təqdim olunmuşdur. Bəzi hallarda isə Azərbaycan SSR-in Kür çayından şimaldakı ərazisi tarixi Albaniya ərazisi kimi verilmişdir.
Şimali Azərbaycan ərazisində ermənilər üçün dövlət 1918-ci ildə yaradıldığı halda Qərbi Azərbaycan torpaqları qədim Ermənistan torpaqları kimi verilmişdir. Tarixi Albaniyanın ərazisi qədim İberiyadan şərqə doğru torpaqları əhatə etdiyi halda bu istiqamətdə də Azərbaycanın tarixi torpaqları qonşu ölkənin ərazisi kimi təqdim olunmuşdur.
Görkəmli tarixçi, həmçinin, Azərbaycan Albaniyasının əhalisi barədə də ciddi təhriflərə yol verildiyini qeyd etdi. Bildirdi ki, Albaniya tarixi haqqında Sovet dövründə nəşr olunmuş tədqiqatlarda bu Azərbaycan dövlətinin qədim əhalisinin ancaq iber-qafqaz etnoslarından ibarət olduğu göstərilmişdir. Albaniyada yaşayan qədim türk etnoslarının tarixi, o cümlədən xristianlığı qəbul etmiş qıpçaq türk etnoslarının tarixi xüsusi məqsədlə “unudulmuşdur”.Nəticə etibarilə qədim Azərbaycan türk etnosları erməni saxtakarları tərəfindən saxtalaşdırılaraq erməni etnosu kimi təqdim olunmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutundan dəvət edilmiş qonaqlar: t.ü.f.d., dos. Allahverdi Əlimirzəyev “Albaniya” termininə elmi münasibət haqqında, t.ü.f.d., dos. Ellada Bəkirova “Azərbaycan Albaniya dövlətinin qərb torpaqları” və tədqiqatçı Aysel Kərimova “Azərbaycan Albaniya dövlətinin cənub-şərq sərhədləri” mövzusunda elmi seminarda maraqlı məruzə etdilər və Azərbaycan Albaniya dövlətinin həm tarixi ərazisi, sərhədləri, həm də bu dövlətin etnik mənzərəsi barədə düzgün məlumatları elmi ictimaiyyətin diqqətinə çatdırdılar.
Elmi seminar maraqlı müzakirələrlə yadda qaldı.